30 05 2020-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
30/05/2020
29/05/2020
28/05/2020
27/05/2020

AZAL uçuşları bahalaşdıracaq? - AÇIQLAMA

22.05.2020

Dünya mütəxəssisləri hesab edirlər ki, koronavirusla əlaqədar sosial izolyasiya tədbirləri çərçivəsində ara məsafəsinin saxlanılması şərti ilə ölkələrarası uçuşlar bərpa edilərsə, bu, biletlərin qiymətində kəskin bahalaşmaya səbəb ola bilər.
Məsələ ilə bağlı açıqlama verən ekspert Natiq Cəfərli bildirib ki, bununla əlaqədar artıq dünya ölkələri həll yolları axtarır.
"Bu, hazırda dünyada çox ciddi müzakirə mövzusudur və müxtəlif həll yolları axtarılır. Məsafə saxlanılmaqla təyyarə uçuşlarına icazə verilsə, bu, çox böyük qiymət artımına səbəb ola bilər. Həmçinin, uçuşların həcminə də təsir göstərə bilər. Qiymətləri artırmaqla problemdən çıxış yolu əldə etmək mümkün deyil. Çünki qiymətlər elə səviyyəyə qalxa bilər ki, bu, vətəndaşlar üçün də əlçatmaz olar və onlar səyahətlərdən imtina edə bilərlər. Bu səbəbdən müxtəlif dizayner kompaniyaları bu məsələ ilə məşğuldurlar. Ara məsafənin saxlanılması üçün sərnişin oturacaqları arasında şəffaf plastik arakəsmələrin olması, orta oturacağın əks istiqamətə döndərilməsi və s. ideyalar var. Düşünmürəm ki, təyyarələr yarıboş vəziyyətdə uçacaq. Bu, həm təyyarə şirkətlərinə, həm də sərnişinlərə sərf etməz”, - N.Cəfərli deyib.
Ekspert qeyd edib ki, beynəlxalq qaydalar necə olsa, AZAL da uçuşları o cür həyata keçirəcək:
"Çünki standartlara cavab verməsə, başqa ölkələr onu qəbul etməyəcəklər. Beynəlxalq qaydalar nə olacaqsa, yerli aviaşirkətlər də o qaydalara uyğun hərəkət etməyə məcbur olacaqlar”.
N.Cəfərli onu da deyib ki, şəhərlərarası avtobuslarda qiymətlər qalxsa, insanların bu nəqliyyat növündən istifadəyə marağı azalacaq:
"Avtomobillə səyahət sərfəli hala gəlsə, heç kim avtobuslardan istifadə etməyəcək. Sərnişindaşıma şirkətləri dünyada gedən trendləri yaxından izləməlidirlər və hansı həll yolları təklif olunursa, onu tətbiq etməlidirlər. Hələlik sərfəli və maya dəyəri çox ucuz olan şəffaf plastiklərdən oturacaqlararası ara məsafənin düzəldilməsi məsələsi gündəmdədir. Digəri isə ventilyası sistemi ilə bağlı məsələsidir ki, həm təyyarələrdə, həm avtobuslarda onu tətbiq etməklə bağlı müzakirələr var. Yəni şirkətlər təklif edirlər ki, həmin ventilyasiya sisteminin özünə ionlaşdırılmış və yaxud da virusları məhv edə biləcək filtrlər quraşdırılsın. Bu ventilyasiya sistemləri içəridəki havanı dezinfeksiya edə bilər. Çox güman ki, həll yolu tapılacaq. Qiymətlərin artımı məsələsi isə bir müddət sonra qüvvədən düşəcək. Kəskin qiymət artımının olacağını düşünmürəm. Bu nə aviaşirkətlər, nə də turist obyektlərinə sərf edir”.