07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azan və iqamə. +VİDEO

17.05.2020


Azan və iqamə

Kişi və qadın üçün gündəlik vacib namazlardan (yövmiyyə namazlardan) öncə azan, ardınca da iqamə oxumaq müstəhəbdir. Əda (vaxtı ərzində qılınan) namaz üçün, xüsusən, sübh və məğrib namazları üçün azan və iqamə oxumağa daha çox təkid edilmişdir. Həmçinin, kişilərin azan və iqamə oxuması daha çox tövsiyə edilir. Hətta müstəhəb ehtiyat kişilərin iqamədən imtina etməməsini tələb edir.
Ayət və müstəhəbbi namazlar kimi gündəlik olmayan digər vacib namazlar üçün azan və iqamə oxumaq şəriətə əsaslanmır. Amma camaatla qılındığı halda Fitr və Qurban bayramı namazları üçün üç dəfə ,,Əssalat” demək müstəhəbdir.
İnsanlara namaz vaxtının başladığını bildirmək üçün azan oxumaq olar və buna "bildiriş azanı” deyilir. Bildiriş azanı vaxtın başlanğıcında oxunmalı və müəzzini (azanı oxuyan) kişi olmalıdır, lakin bu azanın doğru sayılması üçün qəsdi-qürbət (Allaha yaxınlaşmaq niyyəti) şərt deyil.



Azan və iqamənin mətni
Azan on səkkiz cümlədən ibarətdir: "Allahu əkbər” (dörd dəfə), "Əşhədu ən la ilahə illəllah”, "Əşhədu ənnə Muhəmmədən rəsulullah”, "Həyyə ələs-səlat”, "Həyyə ələl-fəlah”, "Həyyə əla xeyril-əməl”, "Allahu əkbər”, "La ilahə illəllah” (hər biri iki dəfə). İqamə isə on yeddi cümlədən ibarətdir. Onu oxumaq üçün azanın əvvəlindən iki "Allahu əkbər”, sonundan bir "La ilahə illəllah”ı ixtisar etmək və "Həyyə əla xeyril-əməl”dən sonra iki dəfə "Qəd qamətis-səlat” əlavə etmək lazımdır.
"Əşhədu ənnə Əliyyən vəliyyullah”, "Əşhədu ənnə Əliyyən əmirul-muminin”, "Əşhədu ənnə Əliyyən əmirul-mumininə və vəliyyullah”, yaxud "Əşhədu ənnə Əliyyən əmirəl-mumininə vəliyyullah” ifadələri azan və iqamənin tərkib hissəsi deyil. Hərçənd Həzrət Əli ibn Əbu Talibin Allahın vəlisi və möminlərin əmiri olmasını iqrar etmək öz-özlüyündə müstəhəbdir və sevimli Peyğəmbərimizin (s) Allahın elçisi olduğuna şahidliyi kamilləşdirən bir iqrardır. Beləliklə, "Əşhədu ənə Muhəmmədən rəsulullah”dan sonra tərkib hissəsi kimi nəzərdə tutulmadan Allaha yaxınlaşmaq niyyəti ilə deyilməsi yaxşıdır.
Müsafir və tələsən şəxs azan və iqamənin cümlələrinin hər birini bir dəfə deyə bilər.

Azan və iqamənin tərcüməsi
"Allahu əkbər” – Allah (vəsf edildiyindən) daha böyükdür!
"Əşhədu ən la ilahə illəllah” –Şəhadət (iqrar, təsdiq) edirəm ki, Allahdan başqa bir tanrı yoxdur!
"Əşhədu ənnə Muhəmmədən rəsulullah” – Şəhadət edirəm ki, Muhəmməd Onun elçisidir!
"Əşhədu ənnə Əliyyən əmirul-mumininə və vəliyyullah” – Şəhadət edirəm ki, Əli möminlərin əmiri və Allahın vəlisidir!
"Həyyə ələs-səlat” – Namaza tələs!
"Həyyə ələl-fəlah” – Qurtuluşa tələs!
"Həyyə əla xeyril-əməl” –Ən xeyirli əmələ tələs!
"Qəd qamətis-səlat” – Artıq namaz başlamışdır!
"La ilahə illəllah” – Allahdan başqa tanrı yoxdur!

Azan və iqamə ilə bağlı şərtlər
Məsələ 1096.Bildiriş azanının xüsusiyyətləri 1092-ci məsələdə qeyd edilmişdir. Ancaq namaz azan və iqaməsinin də növbəti məsələlərdə izah ediləcək bir sıra şərtləri vardır.

1, 2 və 3-cü şərtlər: Azan və iqaməni oxuyan şəxs aqil və isnaəşəri şiə olmalı, həmçinin kişilər üçün azan və iqamə oxuyan şəxs kişi olmalıdır
Azan və iqamə oxuyan şəxsin azan və iqaməsi aqil və isnaəşəri şiə olduğu və əgər kişilərin camaat namazı üçün azan və iqamə oxuyursa, özü də kişi olduğu təqdirdə doğrudur.(1)
Lakin həddi-büluğa çatmaq azan üçün şərt deyil. Əgər insan müməyyiz (yaxşı ilə pisi ayırd edə bilən) həddi-büluğa çatmamış bir uşağın azanını eşidərsə, yaxud hekayət edərsə və ya belə bir uşaq camaat namazı üçün azan oxuyarsa, onunla kifayətlənmək olar. Ancaq vacib ehtiyata əsasən, həddi-büluğa çatmamış müməyyiz uşağın oxuduğu iqamə ilə kifayətlənmək olmaz.(2)
Qeyd etmək lazımdır ki, həddi-büluğa çatmayan müməyyiz uşağın öz namazı üçün oxuduğu azan və iqamə, şübhəsiz, kafidir.

4, 5 və 6-cə şərtlər: Niyyət (Allaha yaxınlaşmaq məqsədi və ixlas) ilə oxunmalı, bir neçə namaz qılındıqda hansı namaz üçün oxunduğu müəyyənləşdirilməli və düzgün oxunmalıdır
Məsələ 1098.Namazın azan və iqaməsinin bütün cümlələri Allaha yaxınlaşmaq niyyəti və ixlasla, həmçinin ərəbcə düzgün tələffüzlə oxunmalıdır. Əgər bir neçə namaz qılınarsa, hansı namaz üçün oxunduğu müəyyənləşdirilməlidir. Məsələn, əda və qəza namazı qılmaq niyyətində olan şəxs oxuduğu azan və iqamənin hansı namaz üçün olduğunu, yaxud bir neçə qəza namazı qılmaq niyyətində olan şəxs oxuduğu azan və iqamənin məhz hansı qəza namazı üçün olduğunu müəyyənləşdirməlidir.

7-ci şərt: Ardıcıllığa riayət edilməlidir
Məsələ 1099. İqamə azandan sonra oxunmalıdır. Buna əsasən, əgər insan qəsdən, yaxud səhvən və ya məlumatsızlıqdan iqaməni azandan öncə oxuyarsa, bu müstəhəbləri (azan və iqaməni) doğru qaydada icra etmək üçün iqaməni azandan sonra yenidən oxumalıdır.
Azanın və iqamənin cümlələri arasında ardıcıllığa riayət edilməlidir. Buna əsasən, əgər insan azan və iqamənin sözlərini ardıcıllığa riayət etmədən oxuyarsa, məsələn, "Həyyə ələl-fəlah”ı "Həyyə ələs-səlat”dan öncə deyərsə, ardıcıllığın pozulduğu yerdən təkrarən oxumağa başlamalıdır. Lakin müvalatın pozulduğu (cümlələr arasında həddən ziyadə fasilə verildiyi) halda azan və ya iqamə başdan oxunmalıdır.

8-ci şərt: Müvalata riayət edilməlidir
Azan və iqamənin cümlələri arasında çox fasilə verilməməlidir və əgər onlar arasında qədər normal sayılan həddən artıq fasilə verilərsə, belə ki, azan və iqamə pozularsa və ürfən "bu şəxs azan və ya iqamə oxuyur” deyilə bilməzsə, belə bir azan və iqamə kafi sayılmır.
İnsan azanla iqamə arasında fasilə verməməlidir və əgər onlar arasında oxuduğu azan həmin iqamənin azanı hesab edilməyəcək qədər fasilə verərsə, namaz üçün kafi deyil. Lakin 1120-ci məsələdə qeyd ediləcək hallarda verilən fasilə müvalatı pozmur. Həmçinin, əgər insan azan və iqamə ilə namaz arasında oxuduqları həmin namazın azan və iqaməsi sayılmayacaq qədər fasilə verərsə, kafi deyil.

9-cu şərt: Namazın vaxtı başladıqdan sonra oxunmalıdır
Azan və iqamə namazın vaxtı başladıqdan sonra oxunmalıdır və əgər qəsdən, yaxud unutqanlıqdan vaxt başlamadan oxunarsa, batildir. Lakin vaxtın namaz əsnasında başladığı halda istisna olaraq həmin namazın doğruluğuna hökm olunur və bu məsələ 1418-ci məsələdə izah ediləcəkdir.

10-cu şərt: İqamə ayaq üstə oxunmalıdır
İqamənin doğru olması üçün mümkün olduğu təqdirdə insan onu ayaq üstə oxumalıdır. Lakin azan zamanı ayaq üstə olmaq müstəhəbdir.

11-ci şərt: İqamə, vacib ehtiyata əsasən, təharətli halda oxunmalıdır
İnsan iqamə oxuyarkən, vacib ehtiyata əsasən, qüsllü, dəstəmazlı, yaxud təyəmmümlü olmalıdır (vəzifəsinə uyğun olaraq bunlardan birini icra etmiş olmalıdır). Lakin azanda bu şərtə riayət etmək müstəhəbdir.

12-ci şərt: Azan və iqamə qina tərzi ilə oxunmamalıdır
Əgər azan və iqamədə səs qina hesab ediləcək şəkildə boğazda dəyişdirilərsə, yəni eyş-işrət məclislərinə münasib bir avazla azan və iqamə oxunarsa, haram, qina olmadığı təqdirdə isə məkruhdur.

Azanın müstəhəbliyini itirdiyi hallar
Namaz qılanın müştərək bir vaxtı olan iki namazı (zöhr və əsr namazlarını, yaxud məğrib və işa namazlarını) ardıcıl qıldığı bütün hallarda əgər birinci namaz üçün azan oxumuşdursa, iki namazın ardıcıl qılınmasının yaxşı olub-olmamasından asılı olmayaraq sonrakı namazın azanı müstəhəbliyini itirir. Misal olaraq, ərəfə günü (zülhiccə ayının 9-cü günü) hətta Ərəfatda olmadıqda belə zöhr və əsr namazlarını zöhr namazının fəzilət vaxtında, həmçinin Qurban bayramı gecəsi Məşər əl-haramda olan şəxsin məğrib və işa namazlarını işa namazının fəzilət vaxtında ardıcıl qılması müstəhəbdir.
İnsan qeyd edilən hallarda iki namazı ardıcıl qılarsa və ikinci namaz üçün azan oxumaq istəyərsə, vacib ehtiyata əsasən, ikinci namazın azanını rəcaən (savab ümidi ilə) oxumalı, şəriətə uyğunluq niyyəti ilə oxumamalıdır. Hətta, vacib ehtiyata əsasən, misal olaraq göstərilən iki halda, yəni Ərəfə günü və Məşər əl-haramda - qeyd edilən şərtlərlə - şəriətəuyğunluq niyyəti olmadan rəcaən də oxumamalıdır.
Qeyd etmək lazımdır ki, azanın bu hallarda müstəhəbliyini itirməsi iki namaz arasında çox fasilə verməmək şərtinə bağlıdır. Lakin onların arasında nafilə namazı qılmaq və dualar oxumaqla yaranan fasilənin ziyanı yoxdur.

Azan və iqamənin müstəhəbliyini itirdiyi hallar
Camaat namazı üçün azan və iqamə oxunarsa, həmin camaatla birgə namaz qılan şəxsin, hərçənd eşitməsə belə, azan və iqamə oxumasına lüzum yoxdur və bu xüsusda camaat namazının artıq başlamış olması ilə başlamaq ərəfəsində olması arasında heç bir fərq yoxdur. Həmçinin, camaat namazının başlamasına az qaldığı halda imamın, yoxsa məmumların gəlib camaata qoşulması arasında heç bir fərq yoxdur. İstənilən təqdirdə bu hallarda, vacib ehtiyata əsasən, namaz qılan şəxs şəriətə uyğunluq niyyəti ilə öz namazı üçün azan və iqamə oxumamalıdır.
Əgər insan namaz qılmaq üçün məscidə gedər və camaat namazının başa çatdığını görərsə, sıralar pozulmayınca və camaat dağılışmayınca sonrakı məsələdə izah ediləcək şərtlərlə öz namazı üçün azan və iqamə oxumaya bilər, yəni onların ikisini də oxumaq artıq təkid olunmuş müstəhəb bir iş sayılmır. Hətta əgər azan oxumaq istəyərsə, yaxşı olar ki, onu asta səslə oxusun və əgər başqa bir camaat namazı təşkil etmək istəyərsə, azan və iqamə oxumamalıdır.
Əvvəlki məsələdə qeyd edilən hallarda altı şərtlə azan və iqamə müstəhəbliyini itirir:
1) Camaat namazı məsciddə qılınmalıdır və bu hökm məsciddən başqa yerlərə şamil edilmir.
2) Həmin namaz üçün artıq azan və iqamə oxunmuş olmalıdır.
3) Camaat namazı batil olmamalıdır. Məsələn, əgər imam adil olmazsa və məmumlar da bundan xəbərdar olarsa, azan və iqamə müstəhəbliyini itirmir.
4) Onun namazı ilə camaat namazı bir yerdə olmalıdır. Beləliklə, əgər camaat namazı məscidin daxilində qılınarsa, o isə məscidin damında namaz qılmaq istəyərsə, azan və iqamə oxuması müstəhəbdir.
5) Həm camaat namazı, həm də onun namazı əda olmalıdır. Beləliklə, əgər camaat namazı, yaxud onun namazı və ya hər ikisi qəza namazı olarsa, azan və iqamə müstəhəbliyini itirmir. Əlbəttə, bu halda təkbaşına namaz qılan şəxsin qıldığı namaz hərçənd qəza namazı olsa da, onun üçün azanın müstəhəbliyini itirməsi bəid(4) deyil.
6) Onun namazı ilə camaat namazının vaxtı müştərək olmalıdır. Məsələn, hər ikisi zöhr, yaxud hər ikisi əsr namazı qılmalıdır, yaxud camaat namazı zöhr namazı olmalı və o əsr namazını qılmalıdır, ya da əksinə olmalıdır. Lakin əgər camaat halında qılınan əsr namazı namaz vaxtının sonunda qılınarsa, həmin camaat namazının sıraları hələ pozulmamışdırsa və o, məğrib azanının başladığı vaxt məğrib namazını qılmaq istəyirsə, azan və iqamə müstəhəbliyini itirmir.
Əgər insan əvvəlki məsələdə sadalanan şərtlərdən üçüncüsü xüsusunda şəkk edərsə, yəni camaat namazının doğru olub-olmadığına şəkk edərsə, doğruluq ehtimalı əsas götürülür (namaz doğru hesab edilir) və nəticədə azan və iqamə onun üçün müstəhəbliyini itirir. Lakin əgər digər beş şərtdən hər hansı biri xüsusunda şəkk edərsə, yaxud sıraların ürfən pozulmuş sayılıb-sayılmamasına şəkk edərsə, vacib ehtiyata əsasən, azan və iqaməni oxumalıdır. Ancaq əgər ikinci namaz camaat halında qılınarsa, azan və iqaməni rəca niyyəti ilə demək lazımdır.
Başqasının oxuduğu azan və iqaməni eşidən şəxs sözləri onunla birgə deyib-deməməsindən asılı olmayaraq həmin azan və iqamə ilə qılmaq istədiyi namaz arasında çox fasilə olmazsa və eşitdiyi ilk andan etibarən namaz qılmaq niyyətində olarsa, həmin şəxsin azan və iqaməsi ilə kifayətlənə bilər. Lakin bu hökm, ehtiyata əsasən, yalnız imamının, yaxud yalnız məmumlarının azanı eşitdiyi camaat namazına şamil olunmamalıdır. Həmçinin, əgər insan azan və iqamənin bir hissəsini eşitməzsə, eşitmədiyi cümlələri özü deyə bilər və azanla iqamə, habelə onların cümlələri arasındakı ardıcıllığa riayət edilməsi şərti ilə belə bir azan və iqamə ilə kifayətlənə bilər. Azan və iqaməni eşitmək xüsusunda təsadüfən eşitməklə məqsədli şəkildə dinləmək arasında heç bir fərq yoxdur.
Əgər kişi qadının azan və iqaməsini həzz almaq məqsədi ilə dinləyərsə, günah edir və azan və iqamə onun üçün müstəhəbliyini itirmir. Hətta, vacib ehtiyata əsasən, qadının azan və iqaməsini həzz məqsədi olmadan eşitməklə də kifayətlənməməlidir. Həmçinin, daha öncə qeyd edildiyi kimi, vacib ehtiyata əsasən, kişi iştirakçıları bir qadının məhrəmləri olan camaat namazında da həmin qadının oxuduğu azan və iqamə ilə kifayətlənmək olmaz.

Azan və iqamə ilə əlaqədar digər hökmlər
Əgər insan iqaməni oxumağa başlamazdan öncə azanı oxuyub-oxumadığına şəkk edərsə, azanı oxumalıdır. Lakin əgər iqamə əsnasında azan oxuyub-oxumadığına şəkk edərsə, azan oxuması lazım deyil.
Əgər insan azan və ya iqamə əsnasında bir hissəni deməzdən öncə ondan əvvəlki hissəni deyib-demədiyinə şəkk edərsə, deyib-demədiyinə şəkk etdiyi hissəni deməlidir. Lakin əgər azan və iqamənin bir hissəsini deyərkən ondan əvvəlki bir hissəni deyib-demədiyinə şəkk edərsə, həmin hissəni deməsi lazım deyil.

Azan və iqamənin müstəhəbləri
Böyük fəqihlər (Allah onlardan razı olsun!) azan və iqamə üçün bir sıra müstəhəblər açıqlamışdır. Onlardan bəziləri qarşıdakı məsələlərdə qeyd ediləcəkdir.
Bildiriş azanını oxumaq üçün seçilən şəxsin adil, namaz vaxtlarını düzgün bilən bir insan olması, səsinin gur olması və azanı hündür bir yerdə oxuması müstəhəbdir.
Başqasının bildiriş, yaxud camaat namazı üçün oxuduğu azanı eşidən şəxsin eşitdiyi hər hissəni asta səslə təkrarlaması müstəhəbdir və buna "azanın hekayət edilməsi” deyilir. Həmçinin, camaat namazı üçün iqamə oxuyan şəxsin iqaməsini hekayət etmək müstəhəbdir. Lakin daha yaxşı olar ki, iqamə oxuyan şəxs "Qəd qamətis-səlat” dedikdə eşidən: "Allahummə əqimha və ədimha vəcəlni min xeyri salihi əhliha” – desin. Təkbaşına namaz qılan şəxsin oxuduğu azan, yaxud iqaməni hekayət etməyin müstəhəbliyi şübhə doğurur, lakin onu rəcaən hekayət etmək olar.
İnsanın azan oxuyarkən üzü qibləyə dayanması, dəstəmazlı, yaxud qüsllü olması, iki barmağını iki qulağına qoyması, səsini ucaltması və uzatması, azanın cümlələri arasında fasilə verməsi və onların arasında danışmaması müstəhəbdir.
İnsanın bədəninin iqamə oxuyarkən hərəkətsiz olması, onu azandan asta səslə oxuması, cümlələrini bir-birinə birləşdirməməsi, lakin onların arasında azanın cümlələri arasında olduğu qədər fasilə verməməsi müstəhəbdir.
Azan ilə iqamə arasında bir addım ataraq hərəkət etməklə, bir qədər oturmaqla, səcdə etməklə, zikr etməklə, məsələn, "Sübhanəllah” deməklə, dua oxumaqla, bir qədər sükut etməklə, bir kəlmə söz danışmaqla, yaxud iki rükət namaz qılmaqla fasilə vermək müstəhəbdir. Lakin sübh namazının azan və iqaməsi arasında danışmaqla fasilə vermək müstəhəb deyil.
Azan və iqamə oxumağın qadınlar üçün ayrıca bir müstəhəb iş olması bəid deyil. Beləliklə, qadınların azan və iqaməni oxumaması onların namazının ali kamal dərəcəsini itirməsinə səbəb olmur. Həmçinin, qadınlar azandan yalnız təkbir və şəhadəteynlə, hətta təkcə şəhadəteynlə də kifayətlənə bilərlər. Habelə, iqamədə "Allahu əkbər, Əşhədu ən la ilahə illəllah və ənnə Muhəmmədən əbduhu və rəsuluh” deməklə də kifayətlənə bilərlər. Hərçənd, daha yaxşı olar ki, azan və iqaməni bütövlüklə desinlər.

Namaz məsələlərinə giriş
Namazla bağlı məsələlər bir təsnifatla dörd qisimə bölünür:
1) Namazın müqəddimatı(müqəddimələri, girişləri, hazırlıq tədbirləri) – namaz qılanın namazdan öncə riayət etməli olduğu məsələlərdir. Namazın müqəddimatı 883-cü məsələdə sadalanmış və onlarla bağlı hökmlər keçmiş məsələlərdə açıqlanmışdır.
2) Namazın muqarinatı (içindəkilər, möhtəvası) –niyyət və təkbirət əl-ehramdan salamadək namazın özünə aid olan məsələlərdir. Onlardan bəzilərinin icrası vacibdir və onlara namazın vacibatı deyilir. Bəziləri müstəhəb, bəziləri isə məkruhdur və onlardan hər biri əlaqədar mövzularda izah ediləcəkdir. Qeyd etmək lazımdır ki, namazla bağlı bəzi müstəhəblər namazdan öncə icra edilir. Onlardan ən mühümü öncəki bölmədə təfsilatı ilə izah edilən azan və iqamədir. Bəziləri, məsələn, təqibat və şükür səcdəsi isə namazdan sonra yerinə yetirilir. Bunlar namazın vacibatından sonra izah ediləcəkdir.
3) Namazın mübtilatı(batil edənləri) – namazı batil edən halları müəyyənləşdirən məsələlərdir.
4) Namazın şəkkiyyatı və səhviyyatı(şəkk və səhv xüsusları) – namazda qarşıya çıxan şəkk və səhvlərlə bağlı hökmləri aydınlaşdıran məsələlərdir.
Yuxarıda sadalanan bütün məsələlər ətraflı şəkildə izah ediləcəkdir.

Material www.sistani.org sayt;ndan götürülmüşdür.