08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bir verilişin uzun müddət efirdə yayımlanmasına necə baxırsınız? - SORĞU

19.01.2018

Televiziya yaradıcı mühütdü. Burada tamaşaçı hər an yeni, fərqli nələrisə görmək istəyir. 

Tamaşaçı zövqünü oxşamaq, bir növ "damarını" tutmaq isə yaradıcılıq, yeni ideyalar, layihələr tələb edir.
Bu gün hər kəs yerli televiziya kanallarına baxmadığını iddia edir. Səbəb kimi yeni, fərqli, maraqlı layihələrin olmamasını əsas götürürlər. İllərlə izlədikləri verilişlər isə artıq tamaşaçıları yorur. Və haqlı olaraq da tamaşaçı öz istədiyi layihəni, verilişi qonşu dövlətlərin televiziyasında axtarır və tapır.

Vaxtı ilə televiziyada çalışmış peşəkar televiziya mütəxəssisləri arasında belə bir sorğu keçirilib:

- Bir verilişin uzun müddət efirdə yayımlanmasına necə baxırsınız? Sizcə belə halın olması həm də televiziyanın yaradıcı axtarışının olmamasına işarədimi?



Qulu Məhərrəmli - Bir verilişin ekranda uzun müddət qalması proqram siyasəti baxımından o halda özünü doğrulda bilər ki, həmin veriliş üzərində daim yaradıcılıq işi getsin. Məsələn, ABŞ-da SBS və NBC kimi telekanallarda 50-60 yaşı olan proqramlar var. Bunların bəziləri günlük verilişlər olsa da, əksər qismi populyar telelayihələrdir və hər iki növ proqram üzərində daim yenilənmələr aparılır. Bizdə uzunömürlü televeriliş kimi AzTV-nin 22 ildir efirdə olan "Səhər" proqramını göstərmək olar. Lakin bunlar istisnadır, çünki TV canlı mexanizmdir və proqramlar daim təzələnməlidir. Digər tərəfdən daim yenilənən, zövqü dəyişən auditoriyanın marağı da bu dəyişmələri labüd edir. Bizim teleməkanda bu baxımdan iki tendensiya özünü göstərir. Büdcədən maliyyələşən telekanallarda yeniləşmə nisbətən ləng gedir, özəl telekanallar isə daha çox reklam cəlb etmək məqsədi ilə verilişlərini daim yeniləyirlər. Məsələn, həmişə xüsusi dinamikliyi ilə diqqəti cəlb etmiş ATV-nin "Nanəli", "Geriyə baxanda" kimi uzunömurlü layihələri bu mənada xeyli tamaşaçı cəlb edə bilir. Son vaxtlar ictimai tənqidlərə reaksiya kimi teleməkanda bəzi yeni verilişlər mənim diqqətimi cəlb edib. Məsələn, AzTV-də Yunus Oğuzun apardığı "Yaddaş" və Spase TV-də Orxan Fikrətoğlunun apardığı gecə proqramı maraqlı layihə kimi görünür. Məncə, müəyyən yaradıcı problemləri həll edə bilsələr bunlar geniş auditoriyanın diqqətini cəlb edə bilər. Deməyim odur ki, telekanallarımız verilişlərini və efirlərini forma, məzmun, aparıcı və dizayn baxımından daim yeniləməlidirlər.



Nadir Bədəlov- Televiziya təkcə yaradıcı heyət yox, həm də auditoriyadır. Əgər hər hansı proqram baxılırsa, ona maraq sönməyibsə və orada qaldırılan məsələlər hələ də müzakirələrə səbəb olursa, niyə də ömrünü davam etdirməsin?!


Aida Eyvazlı - İnsan nə yaradırsa qalıcı olmalıdır. İstər televiziyada, istər qəzetdə, istərsə də incəsənət sahəsində.

"Əkinçi", "Molla Nəsrəddin" jurnallarında yazılanlar bu gün də zəmanə ilə uzlaşır. Bu gün ölkəmizdə fəaliyyət göstərən "Mədəniyyət" kanalında bəzən bizim klassik tamaşalarımız göstərilir. Və bu tamaşalara baxanda insan mənəvi zövq alır, ruhu dincəlir.
Əfsuslar olsun ki, bu ənənəni artıq çoxsaylı televiziyalarımız unudublar. Elə verilişlər var ki, onları uzun müddət efirdə davam etdirmək olar. Bu zaman rejissorun üzərinə böyük yük düşür. Yeni səhnə quruluşu, eyni ideyalarla verilişin adını da dəyişib, mahiyyətini saxlamaqla tamaşaçılara təqdim etmək həm də ustalıqdır.
Əgər televiziyalarda peşəkarlar iş başına qaytarılsa, bu zaman tamaşaçılara da səviyyəli verilişlər təqdim etmək problem olmaz. Yadınızdadırsa, Az TV-nin efirində "Ailələr və talelər" verilişi var idi. O bir neçə il efirdə getdi. Kimsəni yormadı, kimsəni bezdirmədi. Çünki ailə dəyərlərini təbliğ edirdi. Bu gün televiziyaların təbliğ etdiyi biabırçı ailə dramlarından ibarət verilişlər insanı tamaşaçıdan kütləyə çevirir. Tamaşaçıya maarrifləndirici verilişlər vermək lazımdır. Bir də ki, biz efirdən tamaşaçıya nə versək , ona da baxacaq. Artıq bunu tərbiyəvi əhəmiyyət və vətənpərvərlik ideyaları, maarifləndirmə ilə dolu olan verilişlərlə tamaşaçıya öyrətməliyik.

Təbii ki, hər dövrün öz tələbləri var. O tələblərə də milli ideologiya, mentalitet çalarları əlavə olunmalıdır. Biz nə ediriksə, xalqın gələciyini, millətin ruhunu yüksəltməliyik. Bir neçə gün bundan əvvəl Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov televiziyalarımızın məzlum halından danışdı. Mən inanıram ki, hörmətli Əli müəllimlə birlikdə peşəkar jurnalistlər və televiziyaçılar əl-ələ verib ölkənin televiziya imicində yeni inqilab edəcəyik. Televiziya günümüzün güzgüsüdür. Tənqidi olmayan cəmiyyətin inkişafı olmaz. Biz həm də tənqidə qarşı dözülməz olmuşuq. Ən əvvəl bu stereotipdən qurtulmalıyıq. Ən azı1995-2004-cü illərin televiziya efirləri qədər cəlbedici etməliyik efirimizi.


Esmira Çərkəzqızı - Hər bir işdə uğurun yarısı həm də peşəkarlıqdır. Peşəkar bir komanda ilə ərsəyə gələn verilişin daimi izləyicisi olarsa, demək ki, uzun da ömrü olar. Amma Azərbaycan televiziya mühitində bu gerçəklik varmı, onu deyə bilmərəm. Çünki Azərbaycan efir məkanını davamlı izləmirəm. Tanıdığım peşəkar televiziyaçılar isə bu sahədən çoxdan uzaqlaşıblar. Monoton, yeknəsək, qeyri - ciddi mövzuları bağıraraq kütləyə hökm edən diletant aparıcısı olan verilişlər necə maraq doğura bilər və ya maraqlı deyilsə necə uzunömürlü ola bilər ?!


Ləman Ələşrəfqızı - İnanın il yarımdır televiziyaya baxmıram. Söhbət bilmirəm hansı verilişdən və ya verilişlərdən gedir? Amma düşünürəm ki, yaxşı verilişdirsə hətta 10 il də davam edə bilər. Necə ki, əcnəbi kanallarda bunun analogiyalarını görürük. Uzağa getməyək, rus kanallarına baxın. Malaxovun verilişi görün neçə ildir davam edir? Azərbaycan televiziyaları hər şeyin bayağı formasına qaçır deyə adamlar bezir, usanır. Bəli, razıyam ki, yaradıcı kollektiv yeni axtarışlar etmirlər. Amma heç olmasa ətəyindən yapışdığı verilişi maraqlı etməyə çalşsınlar.


Elçin Əlibəyli - Qətiyyən! Opra Lari kinq Qordon illər boyunca layihələrini yaşatdılar.


İlqar Tumas - Baxır verilişə, baxır o verilişin keyfiyyətinə, tamaşaçını bezdirib-bezdirməməyinə. Doğrudu, bu gün müasir televiziyada layihələr müəyyən dövr üçün nəzərdə tutulur və davam edir. Ancaq düşünürəm, layihə janrından, auditoriyasından asılı olaraq illərlə davam edər və baxılar. /Dövran Media/