02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ISESCO müraciət yayıb

22.04.2020


1970-ci il aprelin 22-dən etibarən planetimizdə qeyd edilən və bəşəriyyətin diqqətini qlobal ekoloji, sosial problemlərə cəlb edən Beynəlxalq Yer Günü bu il COVID-19 pandemiyası şəraitində keçirilir. Bu əlamətdar gündə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) dünya ictimaiyyətinə müraciəti yayılıb.

Müraciətdə qeyd olunur ki, hazırda qlobal fəlakət fonunda Yer kürəsi də öz haqlarını bərpa edir. "Minlərlə il ərzində insan oğlu təbiətlə harmoniya şəraitində mövcudluğunu sürdürüb, planetin sərvətlərindən geninə-boluna istifadə edib. Beynəlxalq Yer Gününün bu cür şəraitdə qeyd olunduğu bir vaxtda biz özümüzə sual verməliyik: "Yaşadığımız planetə lazımi diqqəti göstərmişikmi? Onun gələcəyi naminə məsuliyyətimizi dərk etmişikmi?”, - deyə təşkilat vurğulayır.

ISESCO qeyd edir ki, bu sualların cavabları o qədər də müsbət deyil. Dünya ictimaiyyətinin ətraf mühitin qorunması və planetdə həyatın gələcəyi naminə səylərinə baxmayaraq, insanlar onun təbii sərvətlərindən insafsızcasına istifadəyə davam edir və öz sosial-iqtisadi maraqları üçün ekoloji problemləri arxa plana keçirirlər. Artıq ozon qatının deşilməsi və qlobal istiləşmə bəşəriyyət üçün real təhlükə mənbəyinə çevrilib.

"Bəlkə də COVID-19 böhranı insanların Yer kürəsinə mənfi təsirini bir daha anlamaq üçün bir fürsətdir. Son tədqiqatlara əsasən, pandemiyanın yayılmasından sonra atmosferdə ozon qatı da tədricən bərpa olunur. Bunun səbəbi kimyəvi maddələrin və parnik qazları tullantılarının azalması, hava, dəniz və yerüstü nəqliyyatın hərəkətinin xeyli azalmasıdır. COVID-19 virusunun yayılması ilə bağlı görülən tədbirlər nəticəsində yüksək karbon qazı emissiyası olan ərazilərdə tullantıların miqdarı da 25 faiz azalıb”, - deyə müraciətdə qeyd olunur.

ISESCO əlavə edib ki, peyk görüntülərinin təhlili və alimlərin rəyinə görə, koronavirus pandemiyasından sonrakı dövr son 70 ildə karbon qazı emissiyasının ən aşağı səviyyədə olacağı aylar kimi tarixdə qalacaq. Eyni zamanda, xəbərdarlıq edilir ki, sosial-iqtisadi həyatın tam bərpa olunması vəziyyəti yenidən pisləşdirəcək.

Təşkilat gələcək nəsillərə daha təmiz və təhlükəsiz dünya əmanət etmək üçün dünya ictimaiyyətini pandemiya böhranının fəsadlarının qarşısını almağa, perspektiv ssenariləri yenidən nəzərdən keçirməyə, qarşıdakı dövrdə baş verə biləcək bu cür fəlakətlərə qarşı uzunmüddətli fondlar yaratmağa, ətraf mühitin mühafizəsi məsələlərinə daha çox diqqət yetirməyə çağırıb.