09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclisin payız sessiyasının son plenar iclası keçirilib

29.12.2017

Dekabrın 29-da Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının son plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Bildirib ki, iclasda 19 məsələ müzakirə olunub.

Deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında məsələni nəzərdən keçiriblər. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli həmin məsələ barədə məlumat verib. 2018-ci il yanvarın 22-də səlahiyyət müddəti bitən Qabil Neymət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib. Bu qərar 2018-ci il yanvarın 22-də qüvvəyə minir.

Sonra "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli 378-IIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə müzakirələr aparılıb.

İclasda "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Bildirilib ki, bu sənəd Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Bundan başqa, Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında”, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılıb.

Sonra "Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanun layihəsinə təklif olunan dəyişikliklər texniki xarakter daşıyır. Belə ki, Qanunun müvafiq maddəsinə "Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir” abzası əlavə edilir.

Həmçinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Qeyd olunub ki, bu dəyişikliklər də texniki xarakterlidir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə "stadionların” sözündən sonra ", qəbiristanlıqların” sözü əlavə edilir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi qəbiristanlıqların yerləşdiyi torpaqların xüsusi mülkiyyətə verilə bilməməsini təsbit etmək məqsədilə hazırlanıb.

Bundan başqa, deputatlar Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini nəzərdən keçiriblər.

Plenar iclasda, həmçinin "Sahibkarlıq fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Qeyd olunub ki, sahibkarlıq subyektləri bu Qanunun 4-1-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş meyarlara görə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu Qanunun 4-1-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş meyarlar əsasında həyata keçirilir.

İclasda "Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Bildirilib ki, dəyişikliyə əsasən, Qanunun müvafiq maddəsinə "günü” sözündən sonra ", elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat” sözləri əlavə edilir.

Bundan başqa, Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. Bildirib ki, dəyişikliklər texniki xarakterlidir. Belə ki, Miqrasiya Məcəlləsinin 38-ci maddəsi Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə "ASAN viza” sistemi vasitəsilə elektron viza alma imkanı verir. Məcəllənin hazırkı tələbinə görə elektron qaydada viza birdəfəlik verilir, ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Mövcud Məcəlləyə görə, viza əsasında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycana tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Hazırkı layihəyə görə "ASAN viza” sistemi vasitəsilə çoxdəfəlik elektron vizaların verilməsi təklif olunur.

İclasda "Yol hərəkəti haqqında”, "Banklar haqqında” qanunlarda, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələri nəzərdən keçirilib. Qeyd olunub ki, dəyişikliklər texniki xarakter daşıyır.

Həmçinin "Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Dəyişikliyə görə, Qanunun müvafiq maddəsinə "dövlət xidmətlərinin rəhbərlərinin” sözlərindən sonra ", Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinin” sözləri əlavə edilir. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və bu Qanunda nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun dövlət qulluqçularına aid edilən digər təminatlar ilə bağlı müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil edilir. Bu Qanunun 22-ci maddəsinin müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil olunmur. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və ya konsulluğunda ticarət nümayəndəsi vəzifəsinin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə bu Qanunun 29.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təyin olunur.

"Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində təklif olunan digər dəyişikliyə görə, dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır. Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun müvafiq maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Dövlət qulluqçusu şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirə olunan bütün məsələlər səsə qoyularaq təsdiqlənib.

İclasda, həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti təsdiq edilib.

Plenar iclasa yekun vuran Milli Məclisin sədri Oqtay Əsədov parlamentin payız sessiyası dövründə səmərəli fəaliyyət göstərdiyini bildirib.

Sədr parlamentin adından Azərbaycan xalqını və Prezident İlham Əliyevi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Daha sonra Oqtay Əsədov Milli Məclisin payız sessiyasını bağlı elan edib.

Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bununla da Milli Məclisin payız sessiyasının son iclası başa çatıb.