02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

IX sinif şagirdlərinin DIQQƏTINƏ

15.04.2020


Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələrini açıqlayıb.

DİM-dən  bildirilib ki, imtahanda iştirak etmiş şagirdlər (39 min 672 nəfər) DİM-in internet saytına daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiqləyən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini DİM-in saytından öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Yazı işləri (açıq tipli tapşırıqların cavabları) mart ayının 15-dək olan müddətdə DİM və onun regional bölmələrində ekspertiza (yoxlama) zallarında, kompüter arxasında markerlər tərəfindən yoxlanılıb. Bundan sonra isə respublikada keçirilən sosial təcrid tədbirlərinə uyğun olaraq yoxlama prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding” prosesinin (markerlərə sayıqlığı itirməmək üçün mütəmadi olaraq əvvəlcədən hazırlanan və kalibrə edilən sualların göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı DİM-in mütəxəssisləri tərəfindən hazırlanıb.

Qeyd edək ki, buraxılış imtahanının birinci mərhələsində şagirdlərə ana dili fənnindən 10 açıq və 10 qapalı, riyaziyyat fənnindən 10 açıq, xarici dil fənnindən 9 qapalı və 6 açıq tipli tapşırıq olmaqla ümumilikdə 45 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Balların hesablanması qaydası ilə DİM-in saytında tanış olmaq mümkündür.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən aprel 27-dən etibarən onlayn ("Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, ümumiyyətlə, tapşırığa cavab verməyənlər və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmayanlar da komissiyaya müraciət edirlər.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər aprelin 20-22-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.