07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

UEFA: koronavirus Avro-2020-yə maneə törətməyəcək

05.03.2020

2020-ci il futbol üzrə Avropa çempionatı və baş qaldıran koronavirusun bu turnirin keçirilməsinə yaratdığı təhlükə Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) Niderlandın paytaxtında keçirilən konqresinin əsas mövzusu olub.
Azərtac xəbər verir ki, təşkilatın prezidenti Aleksander Çeferin xəstəliyin Avro-2020-nin keçirilməsinə heç bir maneə törətməyəcəyinə əminliyini ifadə edib.
Avropa çempionatının qitənin 12 şəhərində keçirilməsi planlaşdırılır. Turnirin oyunlarına Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam ev sahibliyi edəcək. Matçlar 12 iyun-12 iyul tarixlərində keçiriləcək.
"Biz Avropa çempionatını 12 ölkədə təşkil edirik, müxtəlif məsələlərin, o cümlədən bu virusun da öhdəsindən gələcəyik. Biz turnirin baş tutacağına əminik, nikbin əhval-ruhiyyədəyik. Kədərli ssenarilər barədə düşünmək istəmirik”, - deyə Çeferin qeyd edib.
UEFA-nın baş katibi Teodor Teodoridis bildirib ki, təşkilat turnirin oyunlarının koronavirusla əlaqədar digər ölkələrə keçirilməsi variantına baxmaq fikrində deyil. O deyib: "3-4 ay sonra nələr baş verəcəyini demək hələ tezdir. UEFA vəziyyətə həddən artıq kəskin reaksiya vermək istəmir”. UEFA katibi, əlavə edib ki, qurum bu məsələ ilə bağlı Dünya Səhiyyə Təşkilatı ilə sıx əlaqə saxlayır.
Baş katib, həmçinin qeyd edib ki, təşkilatın himayəsi ilə keçirilən digər oyunlarla bağlı məsələlər müəyyən ölkələrin hakimiyyət orqanları ilə əlaqə saxlanılaraq fərdi şəkildə nəzərdən keçirilir. İtaliyanın "İnter” və Bolqarıstanın "Ludoqorts” komandaları arasında Avropa Liqasının 1/16 finalının cavab matçı koronavirus təhlükəsi ilə bağlı fevralın 27-də Milanda tamaşaçısız keçib.
İclasda əməliyyat qərarları qəbul edilib, UEFA-nın növbəti konqresinin 2021-ci il martın 2-də Belarusun paytaxtı Minskdə keçirilməsi qərara alınıb.