09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Milli Məclisin Müraciəti

29.12.2017

Əziz soydaşlar, dəyərli həmvətənlər!

Xalqımızın ümummilli məqsədlər naminə söz, əqidə və əməl birliyinə nail olmaq əzmini təcəssüm etdirən həmrəylik günündə hər birinizi ürəkdən salamlayırıq. İyirmi altı il öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə milli-mənəvi bütovləşmə hərəkatının təməlinin qoyulması uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılmasında, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasında başlanğıc və istinad nöqtəsi olmuşdur.

Bu hərəkat sonrakı dövrdə geniş vüsət almış, dünya azərbaycanlıları ilə əlaqələrin inkişaf etdirilməsi, soydaşlarımızın tarixi Vətənlə bağlarının gücləndirilməsi, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşmasına kömək göstərilməsi Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. 2001-ci ildən başlayaraq Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, xaricdə yaşayan azərbaycanlılarla iş üzrə ayrıca dövlət qurumunun yaradılması həm sayına, həm də milli-mənəvi, intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın tarix səhnəsində mühüm rol oynayan mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan vermişdir.

Tarixin gedişi və taleyin qisməti ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş on milyonlarla soydaşımız milli birliyə və həmrəyliyə nail olmağın zəruriliyini indi daha aydın dərk edir. Onlar yaxşı başa düşürlər ki, qüdrətli və böyük Azərbaycan milli-mənəvi bütünlüyün möhkəm təməli üzərində ucalmalıdır.

Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının sabit və ardıcıl inkişaf yolunda qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız dövlətimizin milli mənafelərə uyğun olan müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möhkəmləndirməsindən məmnunluq duyur. Onlar qazanılmış nailiyyətlərə sevindikləri kimi, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi günü də həsrətlə gözləyirlər. Qarabağ düyününün açılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və köçkün soydaşlarımızın doğma yurdlarına qaytarılması xalqımızın ümummilli vəzifələrindən biridir. Müstəqil dövlətimizin inkişafı yolunda mövcud olan bu maneənin aradan qaldırılmasına elliklə kömək göstərmək bütün azərbaycanlıların Vətən qarşısında övladlıq borcudur.

Dünyanın müxtəlif ölkələrindəki soydaşlarımızın bir vəzifəsi də xalqımızın qədim adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaqdan, bir-biri ilə və tarixi Vətənlə əlaqələrini möhkəmləndirməkdən ibarətdir. Milli hüquqlarımızın qorunması üçün Azərbaycan diasporunun möhkəmləndirilməsi, güclü Azərbaycan icmalarının yaradılması da ümdə vəzifələr sırasındadır.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Sizi ümummilli qayələrimizin gerçəkləşməsi naminə sıx birləşməyə çağırır, xalqımızın mənafelərinin qorunması uğrunda mübarizəyə səsləyirik. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, könül xoşluğu, doğma Azərbaycanımıza nurlu sabahlar arzulayırıq.

(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il 29 dekabr tarixli iclasında qəbul edilib).