29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Mən 1984-cü ilə kimi atama məxsus evdə..."

16.01.2018

Mən 1984-cü ilə kimi atama məxsus evdə yaşamışam. Sonra ailə qurub ata evindən qeydiyyatdan çıxmışam. 1990-cı ildən sonra ev özəlləşdirilib və anamın adına keçirilib. Anam bir neçə ildir ki, rəhmətə gedib, amma ev hələ də onun adındadır. Hazırda ata evimizdə qardaşım ailəsi ilə və bacım yaşayırlar. Bilmək istəyirəm ki, qeydiyyatda olmamağıma və yaşamamağıma baxmayaraq, mənə vərəsə kimi ata evindən pay düşür?

Aybəniz Əliyeva

Bakı şəhər sakini

Sizin miras əmlakdan (mənzil və digər əmlakdan) pay almaq hüququnuz evdə qeydiyyatda olmanız və ya yaşamanızdan asılı deyil. Birinci növbədə vərəsə kimi mənzildən pay almaq hüququna maliksiniz (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddələr: 1133.1, 1159.1.1).

Lakin nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1243.2-ci və 1246-cı maddələrinin tələblərinə əsasən, siz bu hüququnuzu ananızın vəfatından sonra 3 ay ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməyiniz barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə, yaxud əmlakı idarə etməyə faktik başlamaq və bununla da mirasın qəbulunu şəksiz nümayiş etdirməklə həyata keçirməli idiniz.

Beləliklə, bu müddət ərzində hər hansı üzrlü səbəb olmadan miras əmlakı qəbul etməmisinizsə, onda miras əmlakdan pay almaq hüququnuzu itirmisiniz və sizə mənzildən hər hansı pay düşmür. Əgər miras əmlakı qəbul etmisinizsə, onda miras əmlakdan sizə düşən pay üzərində mülkiyyət hüququnuz ananızın vəfatı tarixindən yaranmışdır. Çünki Mülki Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi