29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

20 Yanvar faciəsindən otuz il keçir - tədbirlər planı təsdiqləndi

07.01.2020

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı” təsdiq edilib.
Xəbər verildiyi kimi, sənədə əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur.
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması planlaşdırılır.
Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də, televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması, nəşri və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.
Tədbirlər planına əsasən, respublikanın bütün təhsil müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq Azərbaycanın dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.