20 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda xeyriyyə yarmarkası keçiriləcək

28.11.2019

Dekabrın 1-dən etibarən 2020-ci ilin yanvarın 13-dək "Nargis” Fondun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr meydanında "Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək.
Fonddan bildirilib ki, artıq 7-ci ildir keçirilən "Soyuq əllər, isti ürək” yarmarkası paytaxtımızın sakinlərinə və qonaqlarına əsl Yeni il ab-havası və sehrli əhval-ruhiyyəsi bəxş edir. Buradan hər kəs yaxınları və əzizləri üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar əldə edə, həmçinin yarmarkada yerləşən kiçik kafelərdə isti şokolad və ya çay içə, təamları və şirniyyatları dada bilər.
Ənənəyə sadiq qalaraq, yarmarkadan toplanılan bütün vəsaitlər xeyriyyə məqsədlərinə yönləndiriləcək. "Nargis” fondu yarmarkanın sponsorları ilə birgə əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrə köməklik göstərəcək. Bundan əlavə, yarmarkanı uşaq evlərinin sakinləri ziyarət edəcəklər.
Qeyd edək ki, xeyriyyə fondu 2012-ci ildə "Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq və davam etdirmək məqsədi ilə təsis edilib, 2013-cü ildə isə aktiv fəaliyyətə başlayıb. Məhz o zaman bu gözəl ənənənin – "Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının təməli qoyulub. Təsis olunduğu gündən etibarən fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri və qocalar evlərinə, aztəminatlı ailələrə maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatları həyata keçirilib. "Nargis” fondu tərəfindən 2019-cu ildən etibarən eyni prinsipləri davam etdirərək Novruz bayramına həsr olunan "Torpaq əlimdə, bahar ürəyimdə” yaz xeyriyyə yarmarkası təşkil edilir.
Xeyriyyə yarmarkası hər gün səhər saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.