01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

8 maddədə Soçi razılaşmasının - TAM İZAHI

23.10.2019

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında son illərdə keçirilən bütün zirvələr əsasən Suriya böhranının gedişatını müəyyən edən vacib razılaşmalarla nəticələnib. Dünənki Soçi zirvəsi də bu ənənəni dəyişdirmədi. Tərəflərin mövqeləri arasındakı bütün fərqliliklərə baxmayaraq, ortaq maraqların üst-üstə düşdüyü sahələrin yaratdığı zəmin üzərində bir saziş çərçivəsi formalaşdı. Ancaq bu dəfə Əsəd rejiminin də bu ortaq sahəyə üçünçü bir aktor olaraq daxil olduğunu mütləq vurğulamalıyıq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında Soçidə Suriya ilə bağlı əldə olunmuş razılaşmalara həsr olunmuş yazısında "Hürriyət” yazarı Sədat Ərgin bildirib.
Ərgin Soçi razılaşmalarını 8 başlıq altında qiymətləndirib:

ABŞ-la əldə olunan razılaşmalara Rusiyanın dəstəyi

Prezident Ərdoğan Ankarada ABŞ vitse-prezidenti Mayk Penslə razılaşdırdığı Suriya sərhədində Tel-Abyadla Ras əl-Eyn arasında 120 kilometr genişliyə və 32 kilometr dərinliyə sahib təhlükəsiz bölgəni rusiyalı həmkarı Putinə də qəbul etdirib. Rusiyanın rəsmi mövqeyi sərhədin bütövlükdə Suriya rejimi tərəfindən qorunması idi. Dünənki razılaşma ilə Türkiyənin nəzarətindəki təhlükəsizlik bölgəsinin müəyyən bir müddət üçün davam etməsini qəbul edərək, bu mövqeyindən hələlik geri addım atdı.

Təhlükəsiz bölgə sərhədinə düzəliş

Buna baxmayaraq, Türkiyə başlanğıcda təxminən 440 kilometr genişliyində bir təhlükəsiz bölgə hədəfi ilə yola çıxmışdı. Hazırda isə ABŞ-la razılaşmada təsdiqlənən, birbaşa olaraq Türkiyənin nəzarətindəki 120 kilometrlik ərazidən kənara çıxılmasından söhbət getməyəcək. Ancaq Tel-Abyad-Ras əl-Eyn xəttindən kənardakı ərazilərdə 10 kilometrlik bir dərinlikdə Rusiya ilə birlikdə patrul fəaliyyəti aparıla bilər. Beləliklə, Türkiyə patrul nəzarəti ilə bu dərinlikdə, sərhədlərindən xaric nəzarətedici bir aktor mövqeyinə gələcəkdir.

Terror təhdidi sərhəddən uzaqlaşdırıldı

Türkiyə ən önəmli strateji hədəflərindən birini dünənki razılaşma ilə həyata keçirdi. Belə ki, PKK-nın Suriya qolu YPG qruplaşması Türkiyə-ABŞ razılaşması nəticəsində Tel-Abyad-Ras əl-Eyn arasındakı xətti 30 kilometr dərinlikdə boşaltmak məcburiyyətində qalmışdı. YPG bu dəfə sərhədin Fəratın şərqində qalan təxminən 320 kilometrlik hissəsindən də çəkilməlidir. Üstəlik, sadəcə Fəratın şərqi deyil, buna əlavə olaraq Fəratın qərbindəki "Fərat qalxanı” bölgəsi və Afrindən aşağıdakı Tel Rıfat və Menbiç bölgəsindən də çəkiləcək. Qısacası, YPG ötən 7 il içində ABŞ-ın himayəsi ilə Suriyanın şimalında inşa etdiyi hərbi mülkiyyətə vida etməyə məcbur oldu. Bu mənada razılaşma tam tətbiq ediləcəyi halda Türkiyə Suriya sərhədini YPG ilə bağlı terror təhdidindən təmizləmə hədəfini həyata keçirmiş olur.

Sərhədin böyük hissəsində söz sahibi rejim olacaq

Razılaşmanın ən vacib nöqtələrindən biri Ərdoğan və Putinin YPG-nin bu xətdən çıxarılması vəzifəsini rus hərbi polisi və Suriya sərhəd mühafizəçilərinin üzərinə götürməsinə razılıq verməsidir. Türkiyənin "YPG-nin sərhəddən uzaqlaşdırılması” hədəfi ilə bağlı bu vəzifəni Rusiya ilə əməkdaşlıq şəraitində Əsəd rejimi yerinə yetirəcək. Beləliklə, sərhədin təxminən 320 kilometrlik bir hissəsi Rusiyanın nəzarətində yenidən Əsəd rejiminin əlinə keçəcək. Bu ərazidə 10 kilometrlik bir dərinlikdə türk ordusunun ruslarla birgə patrul həyata keçirməsi Əsəd ordusu ilə TSQ-ni olduqca yaxın koordinatlar daxilinə salacaq.

YPG-yə nə olacaq?

Qarşımızda kritik bir sual var. YPG sərhəd bölgəsindən və eyni zamanda Menbiçlə Tel Rıfatdan çıxarılsa belə, bu qruplaşmaya tabe silahlı qrupların sərhəddən 30 kilometr uzaqlaşdırılacağı halda vəziyyətinin nə olacağına dair aydın bir mövqe yoxdur. Rus mətbuatında iiida edildiyi kimi, YPG-nin ən azından bir hissəsinin rejim ordusuna daxil edilməsi layihəsinin nə dərəcədə doğru olacağını qarşıdakı günlərdə görəcəyik. Ancaq vurğulanmalı bir digər məqam Putinin dünənki açıqlamasında Əsəd rejimi ilə Suriya kürdlərinin "geniş və əhatəli bir dialoqa girməsi”ni təşviq etməsidir. Putinin "Suriya kürdlərinin haqq və hüququnun müdafiəsi”nə etdiyi vurğu diqqətəlayiqdir.

Ankara ilə Dəməşq arasında normallaşma prosesinə doğru

Putin bənzər şəkildə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasına ehtiyac olduğunu vurğulayıb. Rusiya liderinin çıxışı zamanı ifadə etdiyi fikirlər bu gözləntidən xəbər verir. Razılaşma mətni də Türkiyə ilə Əsəd rejimi arasında dolayı və ya birbaşa əməkdaşlığa zəmin yaradır. Bu çərçivədə bütün yollar Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması istiqamətinə aparır.

Adana anlaşmasında üçtərəfli format

Türkiyə ilə Suriya arasında terrora qarşı əməkdaşlığı tənzimləyən 1998-ci il Adana anlaşmasının bu nöqtədə açar bir önəmə sahib olacağını qeyd etməliyik. Rusiyanın burada vasitəçi rolu oynamasından bunu anlamalıyıq: rejim türklərlə əməkdaşlıq məsələsində müəyyən məhdudiyyətlər mövqeyindən çıxış etdiyi üçün Rusiyanın arada körpü rolu oynaması ilə bu anlaşma üçtərəfli müstəvidə genişlənəcəkdir. Türkiyə-Suriya dialoqu bir mənada üçtərəfli əməkdaşlıq mexanizminə çevriləcəkdir.

ABŞ-ın boşluğunu kim doldurur?

Razılaşma ABŞ-ın Suriyanın şimalından çıxması ilə yaranan boşluğun çox qısa bir zamanda Rusiya, Türkiyə və Əsəd rejimi tərəfindən doldurulduğunu göstərir.