04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pambıqçılıq diqqət mərkəzində

13.01.2018

"Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının və "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşkilatçılığı, "CTS-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşəbbüsü, Saatlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair regional müşavirə keçirilib.
Tədbirdə "Aqrarkredit” QSC-nin və "CTS-Aqro” MMC-nin məsul işçiləri, "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəhbərliyi, Saatlı Rayon İcra Hakimiyyətinin, habelə digər pambıqçılıq rayonlarının nümayəndələri, əlaqədar təşkilatların rəhbər və səlahiyyətli şəxsləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan "Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayev qeyd edib ki, Azərbaycanda pambıqçılığın inkişafı Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir.
O bildirdi ki, ölkə Prezidentinin tapşırığına əsasən pambıqçılığın inkişafına daha ciddi yanaşmalıyıq. Çünki pambıqçılığın inkişafı yeni iş yerlərinin açılmasına şərait yaradır ki, bu da insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək edir. Eyni zamanda nəzərə alınmalıdır ki, pambıq ölkəyə valyuta gətirən məhsuldur. "Aqrarkredit” QSC bir neçə ildir ki, ölkədə kənd təsərrüfatının ən vacib sahələrindən biri olan pambıqçılığın inkişafına güzəştli kreditlərin verilməsində öz missiyanı həyata keçirir.
Tədbirdə "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə çıxış edərək bildirib ki, azərbaycanda kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafı qeyri-neft məhsulları istehsalının, eləcə də qeyri-neft məhsulları ixracının əsas sahələrindən biri kimi vacibdir. Ona görə də "ASK” ASC digər sənaye sahələrinin inkişafı ilə yanaşı, pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin fəaliyyətlərinin genişləndirilməsinə xüsusi diqqət yetirir.
Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Gündüz Səmədli cıxış edərək tədbirin Saatlı şəhərində təşkilinə görə minnətdarlığını bildirərək, pambıqçılığın inkişafı sahəsində rayonda görülən tədbirlər haqqında geniş məlumat verib. O qeyd edib ki, ölkə Prezidentinin pambıqçılığın inkişafına dövlət dəstəyi haqqındakı sərəncamlarına əsasən hər ton xam pambığa görə pambıq istehsalçılarına verilən subsidiyaların məbləğı artdıqdan sonra əməktutumlu sahə olan pambıqçılığa fermerlərin maraqları daha da artmış və ölkədə bu sahə yüksələn xətlə inkişaf edir. O, qarşıda duran vəzifələr haqqında ətraflı danışaraq yüksək göstəricilərə çatmaq üçün görülməli işlər barədə konkret fikirlərini bildirib.
Daha sonra "CTS-Aqro” MMC-nin Baş direktoru Zakir Əzimov 2017-ci il mövsümünün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri, 2018-ci ildə pambıq yığımına hazırlıq işlərinin vəziyyəti və qarşıda duran vəzifələr barədə çıxış edərək bildirib ki, ölkədə pambıqçılığın inkişafını təmin etmək məqsədilə Cəmiyyət üzrə 2017-ci il mövsümündə respublikanın Bərdə, Beyləqan, Ağcabədi, Zərdab, Sabirabad, İmişli, Biləsuvar, Salyan, Neftçala, Tərtər, Ucar, Ağdaş, Ağdam, Cəlilabad, Kürdəmir, Hacıqabul və Goranboy rayonlarında 28565 hektarda, o cümlədən 1885 hektarı Cəmiyyət torpaqları olmaqla fermerlə bağlanmış müqavilələr əsasında pambıq istehsal edilmişdir. 2018-ci ildə pambıq istehsalının təşkili ilə bağlı "CTS-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tapşırıqların yerinə yetirilməsi istiqamətində lazımi işlər görülür.
MMC rəhbəri daha sonra qeyd etmişdir ki, 2018-ci il mövsümünü uğurla başlamaq, əməktutumlu sahə olan və ölkəyə valyuta gətirən, ciddi strateji əhəmiyyət kəsb edən pambıqçılığın daha da inkişaf etdirilməsi bizim qarşımızda duran mühüm vəzifədir. Odur ki, üzərimizə düşən öhdəliklərin layiqincə yerinə yetirilməsi istiqamətində var gücümüzlə çalışacaq, "Ağ qızılın” şöhrətinin özünə qaytarılması üçün səylərimizi əsirgəməyəcəyik.
"Aqrarkredit” QSC-nin Kreditləşmənin təşkili və korporativ müştərilərlə iş departamentinin direktoru Vüqar Yaqubov pambıq əkini ilə məşğul olan hüquqi və fiziki şəxslərin kreditləşdirilməsi vəziyyəti barədə çıxış edərək bildirib ki, pambığın əkilib becərilməsinə görə dördtərəfli müqavilələr əsasında "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2016-cı ildə pambıq istehsalı ilə məşğul olan 1211 fermerə 6.9 milyon manat, 2017-ci ildə isə 1583 fermerə 11,8 millyon manat kredit verilmişdir. O, pambıq istehsalı ilə məşğul olan fermerlərə əvvəlki illərdən fərqli olaraq 2018-ci il mövsümündə daha çox güzəştli kreditlərin verilməsinin nəzərdə tutulduğunu bildirib.
Tədbirdə "CTS-Aqro” MMC-nin Biləsuvar, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan pambıqtəmizləmə zavodlarının direktorları, habelə "Aqrarkredit” QSC-nin pambıq istehsalçılarının kreditləşməsi ilə məşğul olan Bərdə, Gəncə, Salyan, İmişli rayon filiallarının müdirləri və digər məsul şəxslər çıxış edərək 2018-ci ilin pambıq mövsümündə görüləcək işlərdən söz açıblar.
"Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayev müşavirəyə yekun vuraraq 2018-ci ildə pambıq istehsalının müvəffəqiyyətlə başa vurulmasını təmin edəcək təxirəsalınmaz işlərin təcili görülməsinin və müşavirədə qaldırılan məsələlərin tezliklə həyata keşirilməsinin zəruriliyini bildirib.