20 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Hepatit B və onun aktuallığı - Dr. Günay İsmayılova TƏQDİM EDİR

18.05.2019

Hepatit B qaraciyərin virus infeksiyası olub kəskin və xronik xəstəlik şəklində keçir. 
Hepatit B virusu yoluxmuş insanın qanı və digər bioloji mayeləri ilə təmas zamanı ötürülür. 
Hepatit B tibb işçiləri arasında yoluxma riskinə görə xüsusi təhlükəli infeksiya sayılır. 
Günümüzdə bu xəstəliyin qarşısını təhlükəsiz və effektiv vaksinlərlə almaq mümkündür. 
    Hepatit B həyati təhlükəli qaraciyər infeksiyasıdır. Xəstəliyin törədicisi DNT tərkibli virus olub, hepadnovirus ailəsinə daxildir.Hepatit B xəstəliyi xroniki infeksiya şəklində keçə, qaraciyər sirrozu, qaraciyər xərçəngi və ölümə səbəb ola bilər. 
    1982-ci ildə Hepatit B-yə qarşı vaksin yaradılmışdır. Bu vaksinin yoluxma və xəstəliyin xroniki formaya keçmə riskinin və Hepatit B nəticəsində yaranan qaraciyər xərçəngi riskinin qarşısını alma effektivliyi 95%-dir.   
Yoluxma yolları
     Hepatit B virusu orqanizmdən kənarda 7 gün yaşaya bilir.Bu müddət ərzində virus vaksinlə müdafiə olunmamış orqanizmə keçərsə infeksiya yarada bilər. Virusun inkubasiya dövrü orta hesabla 75 gündür, lakin bu dövr 30 gündən 180 günə qədər dəyişə bilər. Virus yoluxma prosesindən 30-60 gün sonra müayinədə tapıla  və xroniki Hepatit B xəstəliyi yarada bilər. 
     Endemik rayonlarda virus anadan dölə doğuş zamanı (perinatal yol) və ya horizontal yolla (bilavasitə ananın yoluxmuş qanından dölə) ötürülə bilər. Eləcə də, bu rayonlarda həyatının ilk 5 ilində yoluxmuş uşaqdan sağlam uşağa virusun keçmə riski yüksəkdir. Anadan yoluxmuş südəmər uşaqlar və 5 yaşına qədər virusa yoluxmuş uşaqlar arasında daha çox Hepatit B-nin xroniki forması yayılmışdır. 
    Hepatit B virusu yoluxmuş qan, orqanizmin müxtəlif bioloji mayeləri, ağız suyu, menstrual, vaginal axıntı, toxum mayesinin dəri və selikli qişayla təması zamanı da yayılır. Xəstəlik cinsi yollada yayıla bilər. Böyüklər arasında infeksiya 5% hallara xroniki formaya keçir. 
    Virusun yayılması tibb müəssisələrində və ya narkotik istifadəçiləri arasında şpris və iynələrin təkrari istifadəsi zamanı da baş verə bilər. Bundan başqa virusa yoluxma tibbi, cərrahi və ya stomatoloji prosedurlar, döymələrin vurulması, ülgüc və ya yoluxmuş qanla çirklənmiş digər əşyaların  istifadəsi zamanı da yayıla bilər.  
Simptomlar
   İnsanların çoxu xəstəliyin kəskin mərhələsində heç bir simptomdan əziyyət çəkmir. Ancaq bəzi insanlarda xəstəliyin kəskin mərhələsində bir neçə həftə davam edən aşağıdakı simptomlar əmələ gələ bilər :
Dəridə və gözdə sarılıq
Sidiyin qara rəngli olması
Yorğunluq
Ürəkbulanma
Qusma
Qarında ağrılar 
Bir qrup xəstələrdə kəskin qaraciyər çatışmazlığı inkişaf edə bilər ki, bu da ölümə səbəb ola bilər. 
Bəzi Hepatit B xəstələrində xroniki qaraciyər infesiyası yarana bilər.Bu isə qaraciyər sirrozu və qaraciyər xərçənginin inkişafına gətirib çıxara bilər. 
Hepatit B virusu və HİV koinfeksiyası 
    Hepatit B xəstələrinin təxminən 1%-də HİV-infeksiyasına da rast gəlinir. Dünya üzrə HİV-infeksiyasına yoluxmuş insanlar arasında Hepatit B-nin yayılması 7,4%-dir. ÜST HİV-infeksiyasına yoluxmuş bütün xəstələrə xəstəliyin mərhələsindən asılı olmayaraq müalicə almağı məsləhət görür. HİV-infeksiyasının müalicəsində ilk növbədə aparılması məsləhət görünən və  kombinəolunmuş terapiyanın tərkibinə daxil olan Tenofovir preparatı  həm də Hepatit B virusuna qarşı aktiv təsir göstərir. 
Diaqnostikası
   Klinik əlamətlərinə görə Hepatit B-ni digər virus mənşəli hepatitlərdən fərqləndirmək olmur. Buna görə də Hepatit B diaqnozunu təsdiqləmək üçün laborator müayinələr olduqca vacibdir. Hepatit B xəstələrinin diaqnozunun qoyulması və monitorinqi üçün bir neçə qan analizlərindən istifadə olunur. Bu analizlərdən kəskin və xroniki infeksiyaları ayırmaq üçün istifadə edilə bilər.
    Hepatit B infeksiyasının laborator diaqnostikası Hepatit B virusunun səthi antigenini – HBsAg-in aşkarlanmasına yönəlib. Ümumdünya Səhiyyə Təşkilatı qan köçürülməsinin təhlükəsizliyini təmin etmək və qan köçürülən insanlara təsadüfən Hepatit B-nin ötürülməsinin qarşısını almaq üçün donor qana Hepatit B testinin keçirilməsini tövsiyə edir.
Kəskin hepatit B infeksiyası HBsAg və nüvə antigeninə qarşı immunoqlobin M antitellərinin (anti HBc IgM) varlığı ilə xarakterizə olunur. İnfeksiyanın ilkin mərhələsində xəstələr Hepatit B virus antigeninə (HBeAg) seropozitivdirlər. Yüksək titrdə HBeAg adətən virus replikasiyalarının markeridir. HbeAg-nin varlığı göstərir ki, yoluxmuş şəxsin qan və bioloji mayeləri çox yolxucudur.
Xroniki infeksiya ən az 6 ay ərzində (HBeAg ilə birgə və ya olmadan) HBsAg-in davamlı varlığı ilə xarakterizə olunur. HbsAg-nın davamlı varlığı  həyatın sonrakı mərhələlərində xroniki qaraciyər xəstəliyi və qaraciyər xərçəngi (hepatosellulyar karsinoma) yaranması riskinin əsas göstəricisidir. Xroniki hepatit B infeksiyası nüvə antigeninə qarşı immunoqlobin G antitellərinin (anti HBc IgG) varlığı ilə xarakterizə olunur. 
Müalicə
  Xroniki Hepatit B infeksiyası virusəleyhinə oral preparatlarla müalicə edilə bilər. Bu preparatlarla aparılan terapiya Hepatit B infeksiyasını müalicə etmir, yalnız virusun replikasiyanı zəiflədir.  Müalicə sirrozun inkişafını yavaşlada, qaraciyər xərçənginin yaranmasnın qarşısını ala və uzun müddətli yaxşılaşmaya səbəb ola bilər. Buna görə, Hepatit B müalicəsinə başlayan insanların çoxu  müalicəni  ömür boyu davam etdirməlidir.  
Virusəleyhinə müalicəyə göstərişlər aşağıdakılardı:
-DNT HBV kəmiyyətcə 2000 BV/ml –dən  artıq  təyin  olunması,
-qanın biokimyəvi analizində ALT-in yüksəlməsi,
-fibroz F3-F4 təyini.
      Ümumdünya Səhiyyə Təşkilatı  hepatit B virusu əleyhinə ən güclü dərmanlar olan onofovir,  entekavir, tenofovir istifadə etməyi tövsiyə edir. Onların istifadəsi digər preparatlarla müqayisədə nadir hallarda rezistentliyə gətirib çıxarır, qəbul edilmə qaydası asandır (gündə bir tablet) və yan təsirləri çox azdır.
Profilaktika
   Hepatit B-in qarşısının alınması üçün əsas müalicə vasitəsi hepatit B vaksinidir.     Ümumdünya Səhiyyə Təşkilatı  bütün uşaqların doğuşdan sonra ən geci 24 saat ərzində hepatit B vaksini qəbul etməsini tövsiyə edir.
    5 yaşınadək uşaqlarda xroniki HBV infeksiyasının az rast gəlinməsi hepatit B vaksininin geniş şəkildə istifadə edilməsi ilə izah edilə bilər. Bir çox hallarda, Hepatit B-nin profilaktikası üçün aşağıdakı iki variantdan biri əlverişli sayılır:
Üç dozalı hepatit B peyvənd sxemi: ilk doza (monovalent vaksin) doğuş zamanı verilir, ikinci və üçüncü doza (monovalent və ya kombinasiya edilmiş peyvənd) göy öskürək, difteriya və tetanus vaksininin  birinci və üçüncü dozaları ilə eyni vaxtda verilir; və yaxud

dörd dozalı hepatit B peyvənd sxemi: doğuş zamanı verilmiş ilk monovalent vaksinin ardınca müntəzəm immunizasiyasının bir hissəsi kimi digər vaksinlərlə birlikdə verilmiş 3 dozalı monovalent və ya kombinasiya edilmiş vaksin.
   Tam vaksinasiyadan sonra, körpələrin 95%-dən çoxunda, digər yaş qrupu uşaqlarda və gənclərdə antitellər müdafiə edə biləcək səviyyəyə qədər yaranır. Müdafiə ən az 20 il və hətta ömür boyu qorunub saxlanıla bilər. Qanda anti-HBs səviyyəsi 10BV/ml aşağı təyin olunarsa revaksinasiya tövsiyə olunur.
Yüksək  risk qrupuna aid  olanlar aşağıdakılardı:
Tez-tez qana  və qan məhsullarına ehtiyacı olan insanlar, dializ xəstələri, transplantasiya əməliyyatı keçirən insanlar; 
Həbsxanalardakı məhbuslar;
İnyeksion narkotik istifadəçiləri;
Xroniki hepatit B xəstələrinin cinsi partnyoru və ailə üzvləri;
Çoxsaylı cinsi partnyoru olan insanlar;
Tibb işçiləri və işdə qan və onun məhsulları ilə təmasda ola biləcək insanlar; 
Endemik rayonlara səyahət edəcək insanlar.  
   Hepatit B vaksini təhlükəsizliyi və yüksək effektivliyi ilə seçilir. 1982-ci ildən bütün dünyada 1 milyarddan çox Hepatit B-yə qarşı vaksin istifadə olunub.
    Vaksindən əlavə Hepatit B-nin yayılmasının qarşısını almaq üçün digər ehtiyat tədbirlərindən də istifadə olunmalıdır. Yüksək keyfiyyətli donor qanı və qan komponentləri köçürülməli, inyeksiya zamanı təkrari şpris və iynələrdən istifadə olunmamalıdır.Cinsi əlaqə zamanı qoruyucuların istifadəsi də Hepatit B infeksiyasının yayılması riskini azaldır.