24 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sən o gözəl qızın canı... Hüseyn Kərimov təqdim edir

06.05.2019

Buna bənzər digər ifadələr artıq illərdir qulağımızı döyənək edib. Söhbətin "dilənçi" peşəsinin sahiblərindən getdiyi yəqin ki, sizə məlum oldu. Bu peşə sahibləri müxtəlif qiyafələrdə və fiziki görkəmlərdə ayrı-ayrı fəsillərdə, mövsümi sloqanlarla qarşımızda peyda olurlar. Bunların əsl  "ças-piki"  dini bayramlar və hüzn aylarına təsadüf edir. Yəni Ramazan və Qurban bayramları, eyni zamanda Məhərrəmlik ayında Imam Hüseynin şəhadət günündə "dilənçilər" bütün güc və bacarıqlarını əsirgəməyərək məscidlərin ətrafından tutmuş küçə və xiyabanlarda, metro və avtobus dayanacaqlarında çəkinmədən sərgiləyirlər. Əllərinə düşən bu imkanları maksimum dəyərləndirmək və yaxşı qazanc əldə etmək üçün dəridən -qabıqdan çıxırlar. Onların dilənmək üsulları müxtəlifdir.

 Məsələn klassik "dilənçilər" adətən əhalinin gur olan yerlərində məskunlaşırlar. Bu Neftçilər, Əhmədli, Xalqlar dostluğu, 20 Yanvarvə N.Nərimanov metro stansiyalarının ətrafı və girişləridir ki, onlar buralara daimi "qeydiyyata" düşüblər. Əllərində uşaq şəklini tutaraq "dərman" pulu yığan və dilənməyi özü üçün niyyət edən "dilənçilər"də öz ideyaları ilə digərlərindən fərqlənirlər. Bir qism "dilənçilər" isə Mir Mövsüm ağanın və digər seyyidlərin şəkillərini paylayaraq pul toplamağa üstünlük verirlər. Bundan başqa işıqforun yanında pusqu quran kiçik avto yuyucularda əllərində şüşə təmizləyiçi vasitələrlə icazəsiz -filansız maşınların ön şüşələrini yumağa cəhd göstərirlər. Metroda qatarlarda dilənən 5-6 yaşlı uşaqlar əllərindəki dəmir qabı sərnişinlərin dizlərinə vurmaqla qaba pul atmalarına işarə edirlər. Hansını deyəsən məgər birdir, ikidir bu peşə sahibləri... 

Son 2-3 ildə yeni, müasir dilənçilik üsulu ilə üzləşirik. Buna eyni zamanda dilənçilərin biznesi də demək olar. Yəqin artıq dilənçilik az gəlir gətirdiyindən, biznes sektoruna əl atan "dilənçilər" salfet kağızlarının satışından məharətlə istifadə edirlər. Təbii ki, "xəstə uşağım var salfet alın, kömək edin" şüarlarının sədaları altında... Onu da qeyd edim ki, "dilənçilər"in fantaziyaları ağlasığmaz və sərhədsizdir. Ümumiyyətlə bizim "dilənçilər" çox istedadlıdırlar. Hər bir şəraitə və çətinliyə uyğulaşa və dözə bilirlər. Yağışda, qarda, küləkdə, və istidə daim "işlərinin" başında xalqa "xidmət" edirlər. Onların küçələrdə, metronun qatarlarında və peronlarında polislə siçan-pişik oyunları isə bir başqa aləmdir... Əslində onlar rəngarəng həyatımızın ayrılmaz bir hissəsidirlər ki, mövcudluqları ilə cəmiyyətimizə xüsusi "gözəllik" verirlər. Ümumiyyətlə "dilənçilər" dünyanın hər yerində mövcuddur və bu peşənin qarşını almaq üçün nə hüquqi qanun nə də qəti qərar yoxdur ki, məsələ həll olunsun. Yəqin "dilənçilər"dən dilənənlər özləri vəziyyətin belə qalmasından məmnun və maraqlıdırlar... Amma bir şeyi unutmayaq ki, "dilənçilər" büdcəmizdə onlara yer ayırmağımızı diləyərək, gecə - gündüz bizlərə, yəni onların potensial müştərilərinə bol-bol ruzu bərəkət arzulayırlar. Axı bizim yüksək sosial rifahımız, onların yaxşı dolanışıqlarının təminatı və zəmanətidir. Burdan belə bir nəticəyə gəlmək olar ki, "sən o gözəl qızın canı bir nəzir ver" deyənlər bizim varlı olmağımızda hamıdan çox maraqlıdırlar. Və hər gün bizlərə Cibiniz dolu olsun duasını edirlər. Nə deyirik, Allah duanızı qəbul etsin.

Hüseyn Kərimov