14 10 2019-cu il Bakı ℃
DM RADİO
Onlİne xəbər
14/10/2019
13/10/2019
12/10/2019

Yol gedirəm... - Poeziya

19.09.2019

Yol gedirəm yaranandan
Hər tərəfi zığ, bataqlıq
Sağda canın verir vicdan,
Solda üzür bir yaltaqlıq
Yol gedirəm kələ-kötür,
Daş-kəsəkli, həm tikanlı
Yol gedirəm batır, çökür
Hər qarışı həyacanlı
Ətrafdakı insanların
Kimi paxıl, xain xislət
Gəl təyin elə qanının
Hansı mənfi, hansı müsbət
Bu yol həmdə bir təqibdir
Qaçhaqaçdır, qovhaqovdur
Burda hamı bil rəqibdir
Güclü ovçu, zəif ovdur
Gülüş göz yaşına şərik,
Sevincsə kədərə ortaq
Burda yoxdur təklik, birlik
Dostla düşmən tam baş -ayaq
Nə vəfa var, nə etibar
Sözdə hamı sanki doğru
Həqiqətdə isə bunlar
Yalançı, hoqqabaz, oğru
Namus, vicdan yer süpürür
Həya, abır boynu bükük
Çılpaqlıqdan dürr tökülür
Kübarlığın üstü sökük
Ömür zatən bir şahmatdır
Şah olacaq zır piyada
Yuxu da gerçək həyatdır
Ya burda, ya o dünyada
Yol gedirəm gecə-gündüz
Çatmaq üçün hey ünvana
Yol gedirəm hamar, dümdüz
Bənzəyir o bir ümmana
Bülbül çəkəndə avazın
Güllər onu salamlayar
Qoyub sinəsinə sazın
Ozan məna xırdalayar
Ömür qısa, yolsa uzun
Hər gün yeni cığır gərək
Azaddırsa çılğın ruhun
Demək halaldır duz-çörək
Yolun sonu gələr əlbət
Xoş müjdəli bir xəbərlə
Yoxsa yenəmi sükunət
Əlbir olmuş bir hədərlə?
Yenə sual dolu beyin
Asta-asta, aram-aram
Yol gedirəm yeyin-yeyin
Yol gedirəm çün qonağam

Hüseyn KƏRIM
10.07.2017 

Təqvim


KİVDF