23 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səbuhi Zaman yazır- "Bu xəstəliyi nə vaxt yoluxdurdular sizə..."

30.03.2018

Azərbaycanda Biləcəridən o yana keçməyənləri qoydum bir kənara, bunlar heç. 
Onların onsuzda yaşamaq dediyi səhər 9-da evdən çıxıb axşam 7-də evə gəlməkdən başqa bir şey deyil.. Gələk Biləcəridən o yana keçənlərin üstünə.O kəslər ki, onların kimisi komfortlu həyat eşqi ilə, kimisi çörək pulu səbəbiylə, kimisi nə bilim müxtəlif hekayələrlə, Türkiyəyə köç ediblər. Və o böyük köç, bu gün də davam etməkdədir.Yaşayışları da pis deyil, Allaha şükür. Sözüm onda deyil. Onlar hələ Azərbaycandaykən də öz ölkələrinə, ölkədə baş verənlərə, istər siyasi, istər sosial mövzulara, yəni öz doğma millətinə, vətəndaşına, vətəninin daşına, torpağına necə laqeyd idilərsə, bu gün eyni repertuar, eyni təfəkkürlə Türkiyədə yaşamağa davam edirlər. Hələ onların içində milli, mənəvi aşınmaya, düçar olduqları laqeydlik alışqanlığına haqq qazandırmaq üçün dövləti suçlayanlar da az deyil. Nə demək olar. Getmisiniz getməyinə əcəb etmisiniz. Amma getdiyiniz ölkənin, lovğa-lovğa "selfie” elədiyiniz küçələrin hansı təlatümlərdən, hansı bəlalardan çıxdığının tarixini vərəqləyin, öyrənin heç olmasa. Dünəni bir yana bu günü ilə maraqlanın ən azından. Yaxşı, deyək ki, siz Türkiyəni heç demokratik ölkə də hesab etmirsiniz. Ordan götürəcəyiniz bir örnək də yoxdur. Lap tutaq ki, oranın burdan fərqi sadəcə təbiətindədir. Bir də Karaköydə bişən balıqlarında və yaxud Qalatadan Boğaza baxan mənzərəsində.. Hər nə isə.. (Məsələn yəni) Bəs yaxşı, tarix boyu bütün dünyanın yekdilliklə qəbul etdiyi, hətda düşmənlərinin də etiraf etmiş olduğu bir həqiqətə nə deyirsiz.? O həqiqət ki, Türkiyə millətinin vətəninə, bayrağına, torpağına, əsgərinə olan sevgisi, diqqəti, hörməti dostun da düşmənin də tərəddütsüz qəbul etdiyi faktdır. Yəni bu neçə illər ərzində bu boyda dəyərlərdən, milli-mənəvi məsuliyyətdən sizə bircə pay da olsa düşmədimi? Canını, malını, çoluq-çocuğunu vətən deyilən hər qarışda qurban verən bir millətin şüurundan gedir söhbət. Yəni o müqəddəs şüurun yüzdə birini içinizə yoluxduracaq bir ərdəm tapmadınızmı? Yəni sizin üçün vətən deyilən məkan, ancaq pul qazanmaqdan, əylənməkdən, tullanıb düşməkdən, istirahətdənmi ibarətdir? Bu nə təfəkkürdür, bu nə xarakterdir bu xəstəliyi nə vaxt yoluxdurdular sizə? Qocalarımız nərtaxtadan, cavanlarımız "playstation" oynamaqdan beyni duman, zövqləri şoran vəziyyətindədir.
Hələ sosial şəbəkələrə "qız ovu” kimi baxan oğlan sürüsünü demirəm. Hələ qızlarını demirəm. Bir çoxu üçün sosial şəbəkələr gəlinlik paltarları, saç, makyaj səhifələrini takip etməkdən başqa bir şeyə yaramır. Dəqiqə başı canlı yayımda gədə-güdələrin yazdığı ağzı sulu mesajları, görməmişcəsinə oxuyub özünü "Rihanna" hesab edənlər ümumiyyətlə əsəbdir. Bu tiplərə necə başa salasan axı vətən nədir? Vətənin sabahı üçün həyəcanlanmaq nədir? Haqq nədir, ədalət nədir, Qarabağ nədir? Şuşa nədir, Laçın nədir? Soy nədir, kök nədir? Ya nə bilim yaxın şərqdə son 10 ildə gedən savaşların səbəbləri nələrdir, o savaşlarda öldürülən körpələrin ah-naləsinin baiskarı kimlərdir? Sabah o quçağında əzizlədiyin körpənin suriyadakı körpələrin aqibətini yaşamayacağına sığortan varmı? Yoxdur, əlbətdə. Şərt o deyil ki, bu gün əlindəki "Iphone” atıb əvəzində silah götürəsən. Şərt odur ki, heç olmasa yaşadığınız coğrafiyada gedən ictimai-siyasi proseslərə, səssiz qalmayasız, bir dəfə də sabahkı taleyiniz maraqlandırsın sizi. Gün ərzində paylaşdığınız yemək süfrələrinin arasında bir dənə də vətənin rəsmini paylaşasız. "Like” xatirinə yox, vicdan xatirinə. İldə bir dəfə profilləri qaraya bürüməklə olmaz bu işlər. O qaranı, o yaranı içinizdə ən həssas yerə bağlamalısız əslində.
Bir sözlə əlimizdə olan fürsətləri dəyərləndirməliyik. Sosial tribunalar bizim dədəmizin malı deyil amma böyük fürsətdir, əgər düşübsə əlimizə belə bir imkan, hər vəchlə xeyrimizə istifadə etməliyik. Yaxşı mənada örgütlənməliyik. Xeyrimiz deməkdə yəni cibinizi deyil, milli maraqları nəzərdə tuturam. Bax, əsas şərt budur elə. Əlbətdə ki, həyat şirindir. Hamı dadmaq istəyir o şirinliyi. Hamının ürəyi yaxşı yaşamaq arzusuyla döyünür. Yaşamaq gözəldir, amma yaxşı yaşamaq üçün əvvəlcə yaxşı vətən tikmək lazımdır. Yaxşı vətəni isə satmırlar.Yaxşı vətəni, qazanırlar. Qanla, canla, oğulla, uşaqla, hayat bahasına qzanırlar. Əziz həmvətənlilərim, əziz millətim ruslar demişkən, gəlin bir az "vnimatelni” olaq. Sonra, bir ayaq basmaqlıq torpaq tapmayacağıq vətənim demək üçün..!