23 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Dr. Günay İsmayılova TƏQDİM EDİR

29.04.2019


   "Mehriban qatil” -  Hepatit C 

Hepatit C səhiyyə aləminin böyük problemlərindəndir. Hepatit C bütün dünyada geniş yayılmış infeksiya olub, xəstələnmə hallarının yüksək olması ilə seçilir. Xəstəlik xroniki gedişli olmağa meyillidir, son mərhələlərdə  qaraciyər sirrozu və xərçəngi ilə nəticələnə bilər.
Daha çox narahat doğuran fakt odur ki, insanların çoxu xəstəliyə yoluxmaqları haqqında  yalnız xəstəliyin ilk simptomları üzə çıxan zaman xəbər tuturlar. Bu simptomlar isə artıq qaraciyər xərçəngi və ya qaraciyər çatışmazlığı kimi ağır xəstəliklərin ilkin əlaməti ola bilər. Məhz buna görə də Hepatit C xəstəliyini "mehriban qatil” adlandırırlar.
Ümumdünya Səhiyyə Təskilatının məlumatına görə dünyada  130–170 milyon insan xroniki gedişli Hepatit C virusuna  yoluxublar və hər il 3-4 milyon insan bu xəstəliyə yoluxur, 350 mindən çox insan isə hər il bu xəstəlikdən vəfat edir.
C virus hepatiti -  bu xəstəlik 20 faiz hallarda kəskin hepatit, 70 faiz hallarda xroniki hepatit şəklində özünü biruzə verir. Xəstələrin 40 faizində dekompensasiya olunmuş sirroz, 60 faizində isə hepatosellulyar karsinoma aşkar oluna bilər. 

  Hepatit C virusunun XÜSUSİYYƏTLƏRİ

Hepatit C virusu genetik heterogenliyinə görə seçilir. Virusun 6 genotipi təsnif olunur, hər genotip özlüyündə subtiplərə bölünür. Hal-hazırda virusun 90-dan çox subtipi məlumdur və onlar latın əlifbasının hərfləri ilə adlandırılır. Klinik praktikada əhəmiyyət kəsb edən genotiplər bunlar hesab olunur:  la, lb, 2a, 2b və 3а. 
Azərbaycan ərazisində lb- və 3а- genotipləri üstünlük təşkil edir.
Bir çox klinik tədqiqatlarda təsdiq olunub ki, 1b genotipi  xəstəliyin daha ağır gedişli keçməsi, qanda RNT tərkibli C hepatit virusunun yüksək konsentrasiyada olması ilə özünü göstərir.Bu xəstəlik virus əleyhinə dərman preparatlarına qarşı daha davamlıdır və residiv vermək ehtimalı olduqca yüksəkdir.
Hepatit C virusunun genomu dəyişkən olduğuna görə, virusla yoluxmuş insanlarda təkrar yoluxmaya qarşı spesifik immunitet inkişaf etmir. Törədicinin bir genotip və suptipi ilə yoluxmuş insan həmçinin virusun digər genotip və subtipləri ilə yoluxa bilər.  

  Hepatit C  xəstəliyinin YOLUXMASI

Məlumdur ki, Hepatit C virusu yoluxmuş qan vasitəsilə-parenteral yolla ötürülür və ilk növbədə risk qrupuna daxil olanlar (narkomanlar, hemofiliya xəstələri, hemodializ xəstələri və insan qanı və qan preparatları ilə təmasda olan şəxslər) arasında yayılır. Bu aşağıdakı hallarda baş verə bilər:
• kontaminasiya olunmuş(virusla çirklənmiş) qan və qan preparatlarının köçürülməsi və ya orqan transplantasiyası zamanı 
• kontaminasiya olunmuş şpris, iynə ilə inyeksiya prosedurları və tibbi praktikada iynə ilə yaralanmalar zamanı   
• vena daxili narkotik vasitələrin istifadəsi zamanı 
• yoluxmuş anadan uşağa Hepatit C virusunun ötürülməsi  zamanı
Hamilələrdən dölə virusun vertikal ötürülməsi nadir rast gəlinir, lakin əgər anada  yüksək konsentrasiyada virus varsa və ya ana insanın immun çatışmazlıq virusuna yoluxmuşsa    Hepatit C virusu anadan dölə ötürülə bilər.
Hepatit C virus infeksiyasının cinsi yolla ötürülmə riski təxminən 5-9 faizdir. Törədicinin cinsi yolla ötürülmə tezliyi yanaşı gedən HİV infeksiyasının və çoxlu sayda cinsi partnyorların olması zamanı artır. 
C virus hepatiti aşağıda sadalanan hallarda virusla yoluxmuş insandan sağlam insana ötürülmür:
Ana südü ilə qidalanma zamanı
Qida, su vasitəsilə
Təmas zamanı (qucaqlaşma, öpüşmə, eyni stəkan və boşqablardan istifadə)
İnfeksiya mənbəyi kəskin və ya xronik Hepatit C xəstələridir. Virusa yoluxmuş insanın bioloji mayesi yoluxdurucu hesab olunur.Yoluxmuş bioloji maye özündə uzun müddət virus saxlaya bilər. RNT tərkibli virus ağız suyu, sidik, toxum və assit mayesində aşkar oluna bilər.

  Hepatit C xəstəliyinin GEDİŞİ

Xəstəlik bir neçə həftə davam edən orta ağır gedişli və bütün ömür boyu davam edən ağır xronik gedişli ola bilər. Xronik gedişli hepatit qaraciyər sirrozu və xərçənginə gətirib çıxara bilər.
C virus hepatiti üçün inkubasiya müddəti 2 həftədən 6 aya qədərdir. İlkin yoluxmadan sonra xəstələrin 80 faizində  xəstəlik simptomsuz keçə bilər.
Hepatit C-nin kəskin mərhələsi bir qayda olaraq 6 ay davam edir. Xəstəlik gizli (subklinik ) formada, eləcə də aydın klinik əlamətlərlə  keçə bilər. Kəskin mərhələdə xəstələrdə hərarət,zəiflik, iştahsızlıq, zökəm, ürəkbulanma, qarında ağrılar, oynaq ağrıları, sarılıq, sidiyin tünd rəngdə olması müşahidə oluna bilər.
Təkrar yoluxmuşların təxminən 75-80 faizində xronik forma inkişaf edir. Xronik xəstələrin 60-70 faizində xroniki hepatit inkişaf edir, onların da  5-20 faizi qaraciyər sirrozu və xərçəngi ilə nəticələnir. 
Xəstələrin əksəriyyətində  kəskin mərhələ virusun orqanizmdə uzun müddət persistə etməsi ilə müşahidə olunan latent mərhələ ilə əvəz olunur. Gizli (latent) mərhələ uzun illər(10-20 il) davam edə bilər. Bu müddət ərzində virusla yoluxmuş insanlar özlərini sağlam hesab edirlər, bununla belə potensial yoluxma mənbəyi olaraq qalırlar.Bu cür insanlar qidalanmanın pozulması və fiziki yüklənmə zamanı  sağ qabırğaaltı nahiyədə bir qədər ağırlıq hiss edə bilərlər. Bu xəstələrdə qaraciyər və dalağın bir qədər böyüməsi, sərtləşməsi ortaya çıxa bilər. Qan analizində bir qədər artmış  ALT və periodik olaraq RNT rərkibli C hepatit virusu görünə bilər.
Hepatit C-nin yenidən aktivləşməsi bir qayda olaraq  14 ildən sonra baş verir. Xəstəliyin başlanmasında 18 il sonra qaraciyər sirrozu, 23-28 il sonra isə hepatoselluyar karsinoma inkişaf edir. Xəstəliyin bu dövrü üçün yorğunluq, zəiflik, halsızlıq, əmək qabiliyyətinin proqressiv azalması,gecələr yuxusuzluq, gün ərzində yuxululuq,sağ qabırğaaltı nahiyədə ağırlıq, iştahsızlıq xarakterik hesab olunur.
Xəstələrdə çəkinin itirilməsi, sarılıq əlamətləri olmadan temperaturun artması qeyd olunur. Müayinə zamanı qaraciyərin böyüməsi və bərkiməsi , daha sonralar isə dalağın böyüməsi görünür.Xroniki xəstələrin 20-40%-də xəstəlik yenidən aktivləşən zaman qaraciyərdə geriyədönməz dəyişikliklər baş verir, birləşdirici toxumanın inkişafı ilə əlaqədar olaraq qaraciyər bərkiyir,qaraciyər  sirrozuna keçid müşahidə  olunur. 

  Hepatit C xəstəliyinin DİAQNOSTİKASI 

Hepatit C-ni digər xəstəliklərdən fərqləndirmək üçün oranizmdə bu xəstəliyə məxsus virusun olmasını aşkar etməliyik. Virusun olub-olmaması ilk növbədə qan müayinəsində bilinir.
Bu müayinənin bir neçə növləri vardır.Virusaqarşı antitel analizi bunlar arasında ən geniş yayılmışıdır. Virusla mübarizə üçün orqanizmin ifraz etdiyi maddələr antitellər adlanır. Qanda müəyyən növ antitelləri aşkar etməyə imkan verən testlər mövcuddur.
Lakin qanda virusa qarşı antitelin olması heç də hər zaman orqanizmdə virusun özünün olmasından xəbər vermir. Belə ki, bəzi hallarda orqanizm virusa qalib gələ bilər. Həmçinin nəzərə almaq lazımdır ki, virusa qarşı antitel yoluxmadan dərhal sonra deyil, 1-1,5 ay sonra əmələ gəlir.
PZR üsulu daha informativ sayılır.Bu müayinə sayəsində qanda virusun biokimyəvi komponentlərini tapmaq mümkündür. Bundan başqa, PZR müayinə vasitəsilə virusun genotipi və kəmiyyət göstəricisi müəyyən oluna bilər.Bu da öz növbəsində müalicə taktikasını seçməyə imkan yaradır. 
Həmçinin, köməkçi xarakter daşıyan digər qan analizləri də aparılır.Bunlara qanın ümumi və biokimyəvi analizi, koaquloqramma aid edilə bilər.
Qanda trombositlərin miqdarının azalması və leykositlərin miqdarının artması qaraciyərdə iltihabi proseslərin olmasından xəbər verir. Qanın biokimyəvi analizi ilə biz, qaraciyər fermentlərinin (bilirubin, AST, ALT, qamma-qlutamiltransferaza, qələvi fosfataza) miqdarını aşkarlaya və bununla da qaraciyər zədələnməsinin dərəcəsini müəyyənləşdirə bilərik. Sadaladığımız fermentlərin miqdarı  qanda nə qədər çoxdursa, qaraciyər toxumasının zədələnməsi bir o qədər çoxdur. Koaquloqramma qanın laxtalanma prosesində olan dəyişiklikləri göstərir. Adatən qaraciyər xəstəliklərində qaraciyərin ifraz etdiyi protombinin azalması nəticəsində qanın laxtalanması da azalır.

Qaraciyərin zədələnmə dərəcəsini( fibroz və sirroz) qiymətləndirmək üçün müxtəlif invaziv və qeyri-invaziv müayinə metodlarından istifadə olunur. Virus əleyhinə müalicənin davametmə müddəti və metodunu seçmək üçün qaraciyərin fibrozlaşma dərəcəsini bilmək vacibdir.Qaraciyərin birləşdirici toxumasında dəyişiklik nə qədər çoxdursa, müalicə də o qədər çətin və uzunmüddətli olacaqdır.
USM metodu da geniş istifadə olunur. Qaraciyərdə distrofik proses adətən qaraciyərin böyüməsi, onun ayrı-ayrı paylarının exogenliyinin dəyişməsi ilə müşayiət olunur. Bu məqsədlə (qaraciyərin ölçülərinin aşkarlanması, daxili strukturunda dəyişikliklərin araşdırılması üçün ) həmçinin KT və MRT müayinə metodlarından da istifadə olunur.
Fibroskan – qaraciyərin fibroz mərhələsini müəyyən etmək üçün istifadə olunan nisbətən yeni müayinə metodudur. Fibrotest Hepatit C-nin olması təsdiqləndikdən sonra aparılır. Qeyd olunan müayinə metodu qeyri-invazivdir, ağrısızdır və etibarlı müayinə metodudur.Fibrotest ilkin mərhələdə qaraciyər fibrozunu aşkarlamağa imkan verir,beləcə müalicəni vaxtında başlamağa şərait yaradır. Qaraciyər fibrozunun 5 mərhələsi vardır: - F0, F1, F2, F3, F4. Fibrotest vasitəsilə onların hər biri müəyyən oluna bilər.
Biopsiya yüksək diaqnostik dəqiqliyi ilə seçilən müayinə metodudur. Biopsiya zamanı qaraciyər toxumasının kiçik hissəsi analiz üçün götürülür.Adətən bu prosedur xüsusi nazik iynə vasitəsilə, yerli keyləşdirmə ilə aparılır.

 Hepatit C xəstəliyinin MÜALİCƏSİ 

Günümüzdə Hepatit C artıq hökm deyil. Hələ bir neçə il əvvəl Hepatit C müalicə olunmaz xəstəlik hesab olunurdu, lakin bu gün o tamamilə müalicə oluna biləndir. Hal-hazırda Hepatit C-nin əsas müalicə metodu virusəleyhinə müalicədir. Bu məqsədlə, virusun reproduksiyası üçün lazım olan virus zülallarına birbaşa təsir göstərən preparatlardan istifadə olunur.  Yaxın vaxtadək ribavirinlə birgə peginterferonun istifadəsi "qızıl standart” sayılırdı. Lakin indi  bu kombinasiya az effektiv olduğuna görə ( təxminən 50%) və kifayət  qədər təhlükəsiz olmadığına görə  uyğun seçim hesab olunmur. Müasir müalicə növü - yəni birbaşa təsirli virusəleyhinə preparatlar demək olar ki, yan təsir göstərmir və müalicə alan şəxs müalicə müddətində əmək qabiliyyətini qoruyub saxlayır.  

  Hamiləlik və Hepatit C 

Təəssüflər olsun ki, Hepatit C-dən əziyyət çəkən qadınların bir çoxu hamilə qalmaqdan və doğuşdan qorxurlar. Əlbəttə, daha yaxşı olardı ki, hamiləlik planlaşdıran bütün qadınlar arasında skrininq keçirilsin və virus aşkar olunduğu təqdirdə hamiləliyə qədər viruasəleyhinə müalicə qəbul edilsin.  
 Ancaq onu da qeyd etmək lazımdır ki, xəstəlik heç də hamilə qalmağa, hamiləliyi davam etdirməyə və doğuşa əks göstəriş deyil. Hamiləlik yalnız nadir hallarda( hepatosellulyar çatışmazlıq və portal hipertenziya ilə müşayiət olunan qaraciyər sirrozunda) ana üçün həyati əhəmiyyət kəsb edir. Hepatoselluyar çatışmazlığın və portal hipertenziyanın olması hamiləliyin davam etdirilməsinə əks göstərişdir(hamiləliyi 12-ci həftəyə qədər dayandımaq məsləhət görülür).  
Hamilə qadın xəstəlik haqqında məlumatı az olan  insanlardan "virus olan orqanizmdə hamiləliyi dayandırmaq lazımdır” kimi əsassız arqumentlər eşidə bilər. Lakin bütün deyilənləri ciddiyə almaq və həyacana düşmək lazım deyil. Əlbəttə ki, Hepatit C virusuna yoluxmuş hamilə qadın digər hamilə qadınlarla müqayisədə sahə ginekoloquna daha çox baş çəkəcək və daha çox qan analizi verəcəkdir. Ancaq, hamiləliyin gedişi və doğuş ağırlaşmalarsız keçəcəkdir. Ən azından, ginekoloqlar yoluxmuş ananın virusdan eybəcər hala düşmüş uşaq doğması halı ilə rastlaşmayıblar.  
   Gələcək ananı narahat edən əsas sual isə bətn daxilində dölün Hepatit C virusu ilə yoluxma təhlükəsinin olub-olmamasıdır. Əlbəttə ki, dölün virusla yoluxma riski vardır, lakin o əhəmiyyətsiz dərəcədə, təqribən 3-10%-dir. Bütün yenidoğulmuşların qanında ananın anti-HCV antitelləri aşkarlanır. Bu antitellər 12-18 aydan sonra yoxa çıxır. Yenidoğulmuşun həyatının  ilk 1,5 ilində qanda anti-HCV-nin aşkar olunması Hepatit C diaqnozunun qoyulmasına əsas vermir.  
Virus RNT-nin ilkin araşdırılması uşağın 3 ayından sonra aparılır. Virusla yoluxmuş yenidoğulmuşların 70%-də 1 aydan sonra, 90%-də isə 3-cü ayından sonra virus RNT-si aşkarlanır. Yenidoğulmuşlarda HCV-viremiya adətən tranzitor (keçib gedən) olur. Həyatın ilk aylarında qanda  virus RNT-nin tək bir dəfə aşkar olunması ilə Hepatit C diaqnozu qoyula bilməz . Diaqnozun qoyulması üçün qan zərdabında virus RNT-ni 2 dəfədən az olmamaq şərti ilə aşkar etmək vacibdir.  Davamlı viremiya sonradan uşağın öz antitelinin yaranması ilə nəticələnir.
Hepatit C xəstəsi  ana süd verə bilər mi? Verə bilər və verməlidir. Çünki ana südünü heç nə ilə əvəz etmək olmaz. Virusun ana südündə konsentrasiyası o qədər azdır ki, infeksiyanın ötürülmə riski əhəmiyyətsiz dərəcədə aşağıdır. Lakin ana süd vəzilərinin vəziyyətinə  diqqət etməlidir. Əgər anada məməciklər ətrafında çatlar və mastit əlamətləri varsa, döşlə əmizdirilmə dayandırılmalıdır.

 Hepatit C xəstəliyi zamanı PƏHRİZ 

Hepatit C zamanı pəhrizin əsas məqsədi qaraciyərə düşən yüklənməni azaltmaqdır.Bununla belə orqanizmə kifayət qədər vitaminlər və lazımi qida maddələri daxil olmalıdır.
Hissə-hissə yemək məsləhət görülür, yəni tez-tez , lakin kiçik porsiyalarla yemək lazımdır. Qida isti olmalı, qaynar və soyuq olmamalıdır.
Yağlı və ağır yeməklərdən imtina etmək lazımdır. Qətiyyən duzlu, marinə olunmuş, hisə verilmiş, konservləşdirilmiş məhsullardan istifadə etmək olmaz. Həmçinin , bütün növ ədviyyatlardan da imtina edilməlidir.
 İçkilərdən şirin qazlı sular, tünd çay,  kofe və qaraciyərin məhv edən istənilən növ alkoqol qadağan olunan məhsullar içərisindədir. İçkilərdən keyfiyyətli, təmiz içməli su  məsləhət görülür.
 Günəbaxan toxumları, qoz-fındıq, göyərti və yaşıl çay pəhrizdən kənar edilmir. 
Ət zülalın əsas mənbəyidir və menyuda mütləq olmalıdır.Lakin Hepatit C xəstələri yalnız yağsız ət yeyə bilərlər. Bu xəstələrə qoyun əti, qaz əti, donuz əti və onlardan hazırlanan yeməklər yemək olmaz.  Ət qaynadıla, buxarda bişirilə bilər. Ət yeməkləri balıq yeməkləri ilə növbələnməlidir .Ancaq balıq da az yağlı olmalıdır. 
Süd məhsulları kalsium və zülalla zəngindir. Bu məhsullardan pendir, şirin kəsmik və kefirə üstünlük verilməlidir. Yaxşı olardı ki, az yağlı süd məhsulları seçilsin.
Tərəvəzlər çiy, qaynanmış, buxara verilmiş halda yeyilə bilər. Paxla,turşəng, turp, sarımsaq, soğan pəhrizdən kənarlaşdırılmalıdır. Meyvələr şirin olmalı, yetişmiş və təzə halda yeyilməlidir. Turş və kal meyvələr yeyilməməlidir. Şirin yeməyi sevənlərə cem, mürəbbə , bal yemək məsləhət görülür.
Şirniyyat, kofe, dondurma, un məmulatları menyuda olmamalıdır. Orqanizmdə artıq miqdarda su toplanmaması üçün duzun istifadəsi məhdudlaşdırılmalıdır. Kərə yağı və bitki yağları istifadə oluna bilər.  
      
Dr. Günay İsmayılova
Terapevt, Hepatoloq

Əlaqə telefonu:     + 994 50 299 92 39