20 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Şuşada tarix yazan türk general kimdir? - FOTOLAR

10.03.2018

Tarix necə-necə qəhrəmanlıqlara şahidlik edib. Neçə-neçə qəhrəmanın şücaətindən bizlərə soraq verib. 
Azərbaycanın hərb tarixində elə şəxsiyyətlər var ki, onlar məhz tarixi şərait nəticəsində Azərbaycana gəlib, burada qəhrəmanlıq səlnaməsi yazıblar. Cəmil Cahid bəy Toydəmir də zamanın cətin anında Azərbaycana yardıma gələnlərdən biridir.
Cəmil Cahid bəy İstanbulda doğulsa da həyatının ən gözəl günlərini Azərbaycanda kecirib. O adını tək Türkiyənin hərb tarixinə deyil, həmdə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıb. Qəhrəmanımız öz əqidəsi və amalı ilə canını türk dünyasına fəda edən General-mayor Cəmil Cahid bəy Toydəmirdir.
Cəmil Cahid bəy Toydəmir Böyük Çərkəz sürgünündə Anadoluya köç edən Məhəmməd Cahid bəyin oğludur. Cəmil Cahid bəy Toydəmir 1883-ci ildə Türkiyənin İstanbul şəhərində doğulub. Hərb məktəbini 1902-ci ildə bitirən Cəmil Cahid bəy, Balkan və Birinci Dünya müharibəsində iştirak edir.1918-ci ildə Yusuf İzzət paşanın qoşununun tərkibində alay komandiri olaraq Qafqaza gəlir.
Bakıya gələn İslam ordusunun cənub qrupu birliklərinə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edildi. Maştağa və Hökməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. 1918-ci il avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı. Sentyabrın 14-də axşam saat 20.30-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırıldı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi.
Sentyabrın 15-də döyüşlər səhər saat 5.30-da başladı. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının ələ keçirilməsi müəyyənləşdirildi. Hücum planına görə, Ermənikəndin cənubundan keçmək şərtilə şəhərin qərb hissəsinin ələ keçirilməsi 5-ci diviziyaya həvalə olunmuşdu. 15-ci diviziya isə sağ cinahı Ermənikənddən keçmək şərtilə şəhərin şimal və şərqindən irəliləməli, Qaraşəhər ərazisini nəzarət altına almalı idi. Polkovnik Cəmil Cahid bəy Toydəmirın komandirliyi altında Azərbaycan könüllü hissələri isə Sabunçudan şəhərə gələn dəmir yolu xətti boyunca hücuma keçib Keşləyə girməli və orada möhkəmlənməli idi. Milli qüvvələrin digər bir hissəsinə Əhmədli istiqamətindən şəhərə doğru hücuma keçmək həvalə olunmuşdu. Əhmədlidən irəliləməkdə olan və əsasən milli qüvvələrdən təşkil edilən süvari dəstəsinə Qarayazı süvari alayı, Ləzgi süvari alayı və digər süvari bölüyü daxil idi. Səhər saatlarında bütün istiqamətlərdə başlanan hücum öz uğurlu nəticəsini verdi. Bu döyüşlərdə polkovnik Cəmil Cahid bəyin komandiri olduğu dəstələr erməni daşnak dəstələrinə sarsıdıcı zərbələr endirdilər. Qaraşəhər, Ermənikənd və Əhmədli istiqamətində düşmənin hücumu qətiyyətlə dəf edildi. Qafqaz İslam Ordusunun qarşısının alınmasının qeyri-mümkünlüyünü görən "Sentrokaspi" rəhbərliyi danışıqlara başlamağı qərara aldı.
Saat 10.30-da "Sentrokaspi" ordusunun qərb cəbhəsinin komandanı üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. Beşinci diviziyanın qərargahına danışıqlara gələn "Sentrokaspi" rəhbərliyinə xüsusi şərtlər diktə edildi: şəhərin qeyd-şərtsiz təslim edilməsi; şəhərdəki düşmən qüvvələrinin təslim edilməsi; top və silahların, binaların və digər obyektlərin təslim edilməsi; Nargin adasında olan türk, alman və Avstriya əsirlərinin azad edilməsi; silah anbarlarının, ərzağın, avtomobillərin, yük maşınlarının, zirehli avtomobillərin, təyyarələrin və digər hərbi mülkiyyətin təslim edilməsi.
Bu şərtlərin qəbul edilməsi ilə yanaşı əhalini sakitliyə çağıran, onların həyatları və mülklərinin təhlükəsizliyi üçün xüsusi bəyanat hazırlanaraq "Sentrokaspi" nümayəndə heyətinə verildi.
Bakı şəhəri azad edilərkən 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətdən olan əsgər əsir götürüldü. Təkcə avqust ayının əvvəllərindən sentyabrın 15-nə qədər Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyası 1130-a qədər şəhid vermişdi. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdi. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri çox idi. Beləliklə, sentyabrın 15-i saat 15-dən sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Nuru paşa Bakının ələ keçirilməsilə bağlı hərbi nazir Ənvər paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Nuru paşa Azərbaycan hökumətindən xahiş edirdi ki, Bakıda asayişin təmin edilməsi üçün Gəncədən polis qüvvələrinin göndərilməsini tezləşdirsin.
Bakı şəhərinin azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Osmanlı dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın çox böyük sevincinə səbəb oldu. O, Şərq Ordular Qrupu komandanı Xəlil paşaya göndərdiyi teleqramda deyirdi: "Bakı başarısından dolayı gözlərindən öpərək təbrik edirəm". Ənvər Paşa Nuru Paşaya göndərdiyi teleqramda yazırdı: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithiaf edirəm". Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru paşaya yazırdı: "Cəsur türk əsgərlərinin Azərbaycanın başkəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır".
Bakıya daxil olan türk ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldı. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə ikimərtəbəli böyük malikanəsini, indiki Azərbaycan Tarix Muzeyini türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən Tağıyev sözünə sahib çıxdı. O öz mülkünü türk qoşunlarının komandanlığının istifadəsinə verdi.
Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. 1918-ci il sentyabrın 15-də Bakıya daxil olan türk ordusu iki həftə sonra Şuşaya istiqamətləndi. Türk ordusu və könüllü Azərbaycanlılarla savaşmağa cəsarət etməyən, Şuşanı mühasirədə saxlayan Andranikin quldur dəstəsi cənuba qaçdı. Türk ordusunun başında Şuşaya daxil olan Cəmil Cahid bəy Şuşa sakinlərini məsciddə toplayaraq şəhərdəki ermənilərdən intiqam almamağı tapşırır. Halbuki elə Cəmil Cahid özü çıxışında ermənilərin türklərə çox zülm etdiyini bildirir. Türk zabiti bundan sonra ayrıca Şuşadakı ermənilərə müraciət edərək onlardan türk ordusuna tabe olmağı tələb edir. Ermənilər cavablarında gecikmirlər, "türk ordusununu bütün əmrlərinə tabeyik" vədini verirlər.
Qarabağda tez bir zamanda hamının sevimlisinə cevrilən Cəmil Cahid bəy sonralar xatirələrində Qarabağda qalmadığı ücün təssüfləndiyini yazırdı. Cəmil Cahid bəy Şuşanın daşnaklardan təmizlənməsindən sonra Qaladərəsini boşaltmaq üçün ermənilərə 1 gün vaxt verdi. Ermənilər 5 nəfər nümayəndə göndərirlər. Ermənilər Cəmil Cahid bəyin qorxusundan bir saatın içində Qaladərəsini boşaldır. Cəmil Cahid bəyin şücaətini qiymətləndirən ordu rəhbərliyi onu general-mayor ali rütbəsi ilə mükafatlandırır.
Azərbaycan olduğu müddətdə bir cox ağır döyüşlərə rəhbərlik edən Cəmil Cahid bəy sonralar öz xatırələrində yazırdı:”Azərbaycanı cox sevdim. Qarabağ mənim həyatımda xususi bir iz qoydu. Yenidən orada olmaq və yaşamaq istərdim.”Cəmil Cahid bəy Azərbaycandan gedərkən onunla bir yerdə döyüşən 4 azərbaycanlı gənci də özü ilə Türkiyəyə aparır. Cəmil Cahid bəy Toydəmir Türkiyənin müdafiə naziri vəzifəsinə qədər yüksəldi. Bu cəsur general 1956-cı ildə İstanbulda vəfat etdi.
(Qoşqar Salmanlı)
"DM"