25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu barədə düşünək - Gələcəyimizə çəkilən QƏSSAB bıçağı

15.02.2019

Ət Azərbaycan mətbəxində çox istifadə olunan ərzaq növlərindəndir. Bəzi xalqlar ətdən az istifadə edir və ya ümumiyyətlə, istifadə etmirlər. Bununla belə, həmin qidadan dünyada geniş istifadə olunur. Ətə olan maraq səbəbsiz deyil. Onun tərkibində insan üçün faydalı olan bir çox maddələr var.
Sovet dönəmində bu məhsulun qiyməti və satışı dövlət nəzarətində idi. Dövlət çalışırdı ki, bütün sovet adamları müəyyən qədər ətdən istifadə etsin. Lakin kənd yerlərində insanlar fərdi təsərrüfatlarında yetişdirdiyi mal və qoyunu kəsib istədiyi qiymətə satırdı. Ancaq burada da yazılmamış qanunlara əməl olunurdu ¬– kənddəki ət şəhərdəki dondurulmuş ətdən bir qədər baha satılırdı.
Keçən əsrin 80-ci illərində SSRİ-də ərzaq qıtlığı yaşandı. Ət və yağ satışını tənzimləmək məqsədilə talon sistemi tətbiq edildi. Beləliklə, ay ərzində adambaşına bir kiloqram ət, yarım kiloqram yağ verilirdi. Həmin dövrdə şəhər yerində yaşayan əhali birmənalı olaraq dondurulmuş ətdən istifadə edirdi. İstisnalar da olurdu. Paytaxtın bazarlarında təzə ət də satılırdı. Burada da qiymət fərqi vardı. Dondurulmuş ətdən fərqli olaraq təzə ət  baha idi – 5 rubl.
Hazırda şəhərin hər yerində, xüsusilə də yol kənarlarında qəssab dükanları fəaliyyət göstərir. Bu, ətin bolluğundan, eləcə də əhalinin alıcılıq qabiliyyətinin yüksək olmasından irəli gəlir. Necə deyərlər, satan da çoxdur, alan da... Satılan ətin kəmiyyət və qiymətini bazarın qızıl qanunu olan tələb və təklif müəyyən edir.
Ancaq bizi bu yazını qələmə almağa vadar edən səbəb başqadır. Ənənəvi olaraq mətbuatda ət kəsilməsinin baytarlıq və gigiyenik tərəflərinə toxunulur. Bu haqda çox yazılıb və deyilib... Bizim məqsədimiz isə bunun uşaqlara, həmçinin həssas insanlara olan mənəvi-psoxoloji təsirini göstərməkdir. Bakıda, eləcə də ölkəmizin bütün bölgələrində yol kənarlarında, uşaqların çox olduğu yerlərdə açıq şəkildə mal-qara kəsilir. Boğazı kəsilən heyvanın çıxardığı iniltinin uşaqlara, hamilə qadınlara, eləcə də həssas insanlara göstərdiyi mənfi təsir heç kəsə sirr deyil. Heyvanın kəsildiyi mənzərə, çıxardığı səs uşaqlarda böyük stress və qorxu yaradır. Başqa sözlə, bu gün heyvanın boğazına çəkilən bıçaq gələcəyimizə çəkilən bıçağa çevrilib.
Qurban kəsməyin tarixi qədimdir. Bu adət dünaynın bir çox xalqları tərəfindən indi də qorunub saxlanılır. Azərbaycanda əhali hər il İslam dininin qaydalarına uyğun olaraq "İsmayıl qurbanı” kəsir. Bundan başqa, müxtəlif vaxtlarda niyyət edərək arzuya çatdıqda "Şükr qurbanı” kəsmək kimi adətimiz də var. Gəlin gətirən də, oğlu əsgərlikdən qayıdan da onların ayaqları altında qurban kəsir. Təəssüf ki, bu ayinləri də uşaqların gözü qarşısında icra edirik.
Qurban kəsilməyin əsla əleyhinə deyilik. Sadəcə vurğulamaq istəyirik ki, Qurani-Kərimin ayələrində "Allah hər şeyi görən və biləndir” hökmünə inanırıqsa, qurbanı da təntənəli surətdə, xüsusilə də uşaqların gözü qarşısında kəsməyə ehtiyac yoxdur. Belə hallar tez-tez təkrar olunduğu üçün uşaq psixologiyasına da təsirsiz ötüşmür, şübhəsiz ki, öz mənfi tərəfi ilə.
Bu barədə psixoloq Şəhla Zeynallı deyir: "Belə hadisələr uşaqlara psixoloji travma "hədiyyə” edə bilər. Bunları gözü görən uşaqlar bir neçə gün narahat olur. Qeyd edək ki, insanlar müxtəlif olduqları üçün belə hallar müxtəlif cür travmalarla da nəticələnir. Bunun təsiri nəticəsində uşaqlarda gün boyu "səbəbsiz” hesab etdiyimiz ağlamalar, yuxularının pozulması, iştahın itməsi müşahidə olunur. Həmin hadisənin şahidi olan uşaqlar anidən ağlayıb yuxudan oyana bilər. Çünki uşaqların yuxusu keçirdikləri həmin günü özündə əks etdirir”.
Psixoloq həmçinin xəbərdarlıq edir ki, bundan sonra uşaqların psixologiya və gələcək həyatına təsiri barədə düşünməliyik. Çünki belə travmalardan sonra uşaqlarda gələcəkdə ətdən imtinaetmə, ümumi iştah pozuntusu və itirilməsi özünü göstərə bilər. Bəzən uşağın sevdiyi, uzun müddət əzizlədiyi heyvan və ya quşun kəsilməsi onda mütləq belə halların əmələ gəlməsinə səbəb olur.
Psixoloq həmçinin vurğulayır ki, bu cür hallar müəyyən müddətdən sonra uşaqlar üçün adiləşir, odur ki, onlar gördükləri mənzərəyə çox sakit, etinasız, emosiyasız reaksiya verə bilər. Burada əsas səbəb həm hadisənin dəfələrlə təkrarlanması, həm də valideynin hadisəyə qarşı reaksiyası ola bilər. Nəticədə bəzi hallarda bundan yaranan travma nəticəsində uşaqlarda mərhəmət hissi itir, hətta bu, gələcəkdə qəddarlıqla da əvəz olunur.
Psixoloq Şəhla Zeynallı bunun acınacaqlı nəticələri barədə deyir: "Əksər valideynlərin verə biləcəyi bir sualı cavablandırmaq da lazımdır. "Bizim dövrümüzdə də belə hadisələr olub və şahidi də olmuşuq. Bəs niyə travma almamışıq?” İlk olaraq bəzən travmalar aydın formada görünmür, insan travma alsa da, bu, özünü tamamilə başqa sferada göstərə bilər və siz bu iki hadisəni bir-biri ilə əlaqələndirə bilməzsiniz. Lakin ehtimal edək ki, heç bir travma almamısınız. Yuxarıda da qeyd etdiyimiz kimi, uşaqlar, həmçinin yetkinlər də individualdır və individual yanaşma tələb edirlər. Uşaqların psixikası bir-birindən çox fərqlənir, həmçinin buraya tətbiyə formasının müxtəlifliyi də əlavə edilə bilər. Uşaqlar hadisələrə qarşı eyni reaksiya vermir. Biri üçün çox travmatik hal, digəri üçün adi izahla həzm ediləcək hal ola bilər. Burada dövr faktorunu da vurğulamaq lazımdır. Uşaqlarınızın yaşadığı dövrlə sizin yaşadığınız dövr bir-birindən həqiqətən fərqlənir, inkişaf və dəyişmələr yalnız ətrafda deyil, daxilimizdə, beynimizdə və ruhumuzda da baş verir”.
İndi biz bu barədə hamılıqla düşünməliyik. Çünki söhbət gələcəyimiz olan uşaqlardan gedir. İmkan verməməliyik ki, bu gün kimsə özünün rahat qazanc əldə etməsi naminə sağlam gələcəyimizin yetişməsinə zərbə vursun. Əgər bu gün gələcəyimizə çəkilən qəssab bıçağından uşaqlarımızı qorumasaq, onun acı nəticələri ilə qarşılaşmağa məcburuq.
Bu vəziyyətdən çıxış yolu varmı? Fikrimizcə, bu işin həllinin ən asan yolu Bakıda hər bir rayonda bir neçə ət kəsimi məntəqəsi yaratmaqdır. Həmin yerlərdə baytar nəzarətini həyata keçirmək də asan olar. Beləliklə, uşaqlarımızı qorumaqla yanaşı, xəstə heyvan ətinin satışa çıxarılmasının qarşısını almaq da mümkündür. Bir şərtlə ki, bu məntəqələrdə yaranmış vəziyyətdən sui-istifadə edilərək qəssablardan artıq pul alınmasın. Çünki belə hal süni qiymət artımına səbəb ola bilər.
Bütün bunlar barədə gəlin hamılıqla düşünək!
Rüstəm .